“Erməni kilsəsinin yaratdığı ‘düşmən sivilizasiyası’ Xocalı faciəsinə gətirdi” - Hikmət Babaoğlu

“Paşinyan “Eçmiədzin kilsəsinin azad edilməsi” ifadəsini işlədərkən, sözün əsl mənasında, Ermənistanda dinin terror və radikalizmdən təmizlənməsini nəzərdə tutur. Mənə elə gəlir ki, əgər din xadimləri xristianlığın həqiqi fəlsəfəsini və humanist dəyərlərini Ermənistan cəmiyyətinə düzgün şəkildə təbliğ edə bilsəydilər, bəlkə də Azərbaycanla müharibə ümumiyyətlə baş verməzdi. Baş versəydi belə, daha humanitar çərçivədə aparıla bilərdi. Çünki ermənilər məhz kilsənin yaratdığı “düşmən sivilizasiyası” obrazının təsiri altında Azərbaycana qarşı ən ağır və qəddar cinayətləri törətdilər, humanitar hüququ pozdular, Xocalı soyqırımını həyata keçirdilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında “Eçmiədzin Ana Kilsəsinin (kafedralın) azad edilməsi prosesi başlanıb” deyə bildirib. Onun sözlərinə görə, söhbət bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması prosesindən gedir. Paşinyan vurğulayıb ki, Ana Kilsənin azad edilməsi prosesi başlayıb, davam edir və qaçılmaz şəkildə nəticəyə çatacaq: “Eçmiədzin mərkəzi meydanında mitinq keçirilməsi məsələsi hələ də gündəmdədir, gözləyək, görəcəyik.”

Deputat qeyd edib ki, əgər onlar dini fəlsəfənin mahiyyətinə uyğun davranmış olsaydılar, belə hərəkətlərə heç vaxt əl atmazdılar.

"Müharibə aparmaq mümkündür, lakin onun da öz qaydaları var. Məhz kilsədən qaynaqlanan radikalizm və nifrət erməni silahlı qüvvələrini müharibənin humanitar normalarını pozmağa sövq etdi. Bu baxımdan Paşinyanın mövqeyində müəyyən həqiqət var. O, dinə qarşı mübarizə aparmır, bölgədə gələcək sülhü təmin etmək üçün kilsə terrorizmini və dini radikalizmi neytrallaşdırmağa çalışır. Ermənistanda Paşinyanın bu cəhdlərini başa düşənlərin sayı getdikcə artır. Beləliklə, kilsənin “azad edilməsi” ifadəsi əslində sülh yolunun açılması deməkdir. Bu proses, şübhəsiz ki, Ermənistan–Azərbaycan münasibətlərinə və uzunmüddətli sülhün təmin olunmasına müsbət təsir göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az