“ABŞ Çinlə açıq müharibəyə getməz, amma Pekinin yüksəlişinə imkan verməyəcək” - Azər Həsrət

“Unutmamalıyıq ki, Çin də ABŞ kimi dünyanın iqtisadi, siyasi və hərbi baxımdan ən güclü aktorlarından biridir. Təbii ki, hazırda birinci nömrəli qlobal güc ABŞ-dır və bunu demək olar ki, bütün dünya qəbul edir. Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti diqqətini ABŞ-a yönəldir və onu lider dövlət kimi görür. Lakin Çin də kiçik və zəif bir ölkə deyil. İstər kosmos tədqiqatları, istər iqtisadiyyat, ticarət, istərsə də yeni texnologiyalar sahəsində Çin son illər çox ciddi irəliləyiş əldə edib. Bununla belə, Çin hələ də ABŞ qədər qüdrətli deyil”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, dünya təhlükəsizlik sistemi sürətlə transformasiyaya uğrayır və bu proses qlobal silahlanma yarışını görünməmiş səviyyəyə çatdırıb. Supergüclər və regional aktorlar arasındakı strateji rəqabət dərinləşdikcə, müdafiə xərcləri rekord həddə yüksəlir. Gərginliyin ən kəskin hiss olunduğu regionlardan biri Asiya–Sakit okean məkanıdır. ABŞ-ın qlobal liderliyini qorumaq cəhdləri ilə Çinin sürətlə artan nüfuzu arasında gedən strateji rəqabət artıq yalnız iqtisadi və diplomatik deyil, həm də hərbi müstəvidə özünü göstərir. Pekinin Tayvan ətrafında təzyiqləri artırması, Vaşinqtonun isə AUKUS və QUAD kimi platformalar vasitəsilə Çinin təsir imkanlarını məhdudlaşdırmaq istiqamətində addımlar atması bir çox analitikləri ABŞ–Çin rəqabətinin real silahlı münaqişəyə çevrilə biləcəyi ehtimalı barədə düşündürür.

Siyasi şərhçinin fikrincə, ABŞ-ın Çinlə açıq hərbi qarşıdurmaya, istər silahlı, istərsə də yüksək texnologiyalara əsaslanan bir müharibəyə girməsi ağlabatan deyil.

"Belə bir qarşıdurma bütün dünya üçün fəlakət ola bilər. Bəs ABŞ Çinin sürətlə irəliləməsini sonsuza qədər seyr etməyə hazırdırmı? Məncə, yox. ABŞ buna imkan vermək niyyətində deyil. Necə ki, Rusiyanı müxtəlif siyasi gedişlərlə Ukrayna müharibəsi bataqlığına saldılar və nəticədə Rusiya faktiki olaraq əvvəlki supergüc statusunu itirdi. Düşünürəm ki, ABŞ Rusiya məsələsini müəyyən dərəcədə həll etdikdən sonra Çinlə bağlı planlarını daha açıq şəkildə həyata keçirməyə başlayacaq. Çin iqtisadi yüksəlişini əsasən ucuz məhsulların qlobal bazara çıxarılması hesabına təmin edir. ABŞ isə həmin ucuz malların bazarını Çinin əlindən almaq gücünə malikdir. Bu, ilk növbədə Avropa bazarında tərəfdaşlar vasitəsilə mümkündür. Eyni zamanda ABŞ Cənubi Qafqaz və Orta Asiyada da yeni tərəfdaşlıqlar quraraq region ölkələrini tədricən Çin bazarından uzaqlaşdıra bilər. Bu proses dərinləşdikcə Çində daxili narazılıqların artması ehtimalı yüksələcək. Qeyd edim ki, Çin 1 milyard 417 milyon nəfərə yaxın əhaliyə malik olsa da, bu əhalinin cəmi təxminən 100 milyonu normal sosial şəraitdə yaşayır. Digər hissə əsasən yoxsulluq həddindədir. Günə 1–1,5 dollara işləyən milyonlarla insan var. ABŞ-la müqayisədə bu göstərici tam fərqlidir. ABŞ-ın 300 milyondan çox əhalisi arasında sosial təminat sistemindən kənarda qalanların faizi çox aşağıdır. Əsasən iş tapa bilməyənlər və ya asılılıq problemi yaşayanlar sosial dəstəyə möhtac olur və dövlət də bu insanlara yardım edir. Bütün bunları nəzərə alanda, ABŞ Rusiya məsələsini müəyyən qədər bitirdikdən sonra növbənin Çinə gələcəyi ehtimalı yüksəkdir. Lakin bu heç də açıq müharibə formasında olmayacaq. ABŞ Çinin qlobal miqyasda genişlənməsinin qarşısını almaq üçün iqtisadi, siyasi və texnoloji məhdudlaşdırma addımlarını gücləndirəcək. İlk belə addımlar Donald Tramp dövründə atılmışdı: o, Çin mallarına yüksək tariflər tətbiq ediləcəyini bəyan etmişdi və bu, Pekin üçün ciddi zərbə olmuşdu. Sonradan müəyyən yumşalmalar olsa da, ABŞ istənilən vaxt bu xətti sərtləşdirə bilər, Çin isə ABŞ-ı razı salmağa məcbur edəcək gücə sahib deyil. Növbəti mərhələdə Çin üzərinə təzyiqin artacağını proqnozlaşdırmaq olar. Bu prosesə ABŞ-la yanaşı Yaponiya və Cənubi Koreya da qoşulacaq. Hər iki ölkə tarixi və geosiyasi səbəblərə görə Çinlə uzunmüddətli rəqabət aparan dövlətlərdir. Onların birgə fəaliyyəti Pekinin manevr imkanlarını daha da daralda bilər. Beləliklə, Çinin hazırkı “ucuz bazar” strategiyası müəyyən müddətə qədər effektli olsa da, bu modelin davamlılığı sual altındadır və qlobal güc balansında baş verən dəyişikliklər onun imkanlarını məhdudlaşdıra bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az