“Müharibənin atəşində Ukrayna üçün əsas çətinlik liderlik vakuumudur” - Həşim Səhrablı

"Lider faktoru hər bir dövlətin, eləcə də bütün millətlərin həyatında həlledici əhəmiyyət daşıyan amildir. Lider yalnız formal vəzifə sahibi və ya sistemin başında dayanan fiqur deyil; o, xalq–dövlət birliyini təmin edən, daxili gərginliklərin qarşısını alan, haqqın yanında duran və ölkəni ekstremal vəziyyətlərdə toparlayıb irəli apara bilən şəxsdir. İşğal, təbii fəlakət və ya dərin sosial böhran kimi kritik mərhələlərdə dövlətin xilası məhz cəmiyyətin birliyindən keçir və bu birliği formalaşdıran əsas qüvvə liderlik institutudur. Bu kontekstdə məsələ Zelenskinin səriştəsizliyi və ya ölkəsinə sədaqətsiz olması ilə bağlı deyil. O, dörd ildir yorulmadan çalışaraq müharibənin yaratdığı çətinliklərə baxmayaraq Ukraynanı və xalqını qorumağa səy göstərib. Lakin hər liderin müəyyən qabiliyyəti və potensialı var. Reallıq göstərir ki, Zelenski Ukraynanın bütün yükünü üzərində daşıyacaq və ölkəni mövcud sınaqlardan tam güclə çıxara biləcək miqyasda liderlik nümayiş etdirə bilməyib. O, beynəlxalq siyasi dinamikanı düzgün qiymətləndirməkdə və gələcək riskləri hesablamaqda müəyyən boşluqlara yol verib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr fonunda bir daha aydın olur ki, hər bir ölkənin təhlükəsizlik arxitekturasının formalaşdırılmasında güclü, prinsipial və strateji düşüncəyə malik liderin rolu həlledicidir. Azərbaycan nümunəsi bunu açıq şəkildə göstərir: 30 illik işğal dövründə Azərbaycan haqq səsini dünyaya çatdırsa da, özlərini demokratiyanın, insan hüquqlarının və qlobal təhlükəsizliyin qarantları adlandıran qüvvələr bunu eşitmək istəmirdilər. Buna baxmayaraq, Azərbaycan heç kimdən real yardım almadan, öz gücünə haqq müharibəsində qalib gəldi, ərazi bütövlüyünü bərpa etdi və dünyanın yeni reallığı qəbul etməsinə nail oldu. Bu proses Prezident İlham Əliyevin xarizmatik liderliyinin, strateji baxışının və dövlət maraqlarını hər şeydən üstün tutan siyasi iradəsinin nəticəsi kimi dəyərləndirilir.

Siyasi şərhçi qeyd edib ki, Bayden administrasiyasının dəstəyi sayəsində Ukrayna ordusu Rusiya kimi böyük bir hərbi gücə ciddi zərbələr endirməyə müvəffəq olub.

"Lakin liderlik baxımından strateji uzaqgörənlik və alternativ planların zamanında hazırlanması kimi əsas komponentlər yetərincə işə düşmədi. ABŞ-də siyasi hakimiyyət dəyişikliyi – Kamala Harrisin seçilməməsi və Donald Trampın yenidən hakimiyyətə qayıtması – bu çatışmazlığı daha da qabarıq şəkildə üzə çıxardı. Bu, Zelenskini zəif və ya səriştəsiz göstərmir, lakin Ukraynada liderlik boşluğunun açıq şəkildə mövcud olduğunu nümayiş etdirir. Hazırkı vəziyyətdən çıxış üçün Ukraynanın ən optimal yolu daxili siyasi böhranı aradan qaldırmaq və müharibəni ən az itki ilə dayandıra biləcək güclü bir liderin önə çıxmasıdır. Zelenskinin son addımları da onun bu reallığı dərk etdiyini və müəyyən hazırlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Onun hakimiyyətdən getməsi və yerinə milli maraqlara daha effektiv xidmət edə biləcək yeni bir liderin gəlməsi ehtimalı getdikcə güclənir. Bu prosesin necə formalaşacağı və xarici aktorların nə dərəcədə təsir göstərəcəyi isə yaxın dövrlərdə aydınlaşacaq. Bununla belə, Ukraynanın hazırkı uğursuzluğunu yalnız liderlik böhranı ilə izah etmək doğru olmaz. Müharibənin əvvəlində Qərbdən, xüsusilə ABŞ-dən gələn genişmiqyaslı dəstək nəticə əldə etməyə imkan verirdi. Lakin bu yardımın sonradan zəifləməsi və siyasi iradənin dəyişməsi vəziyyətin gedişatını Ukraynanın əleyhinə çevirib. Deməli, buradakı əsas səbəblərdən biri də Qərb dairələrinin – xüsusilə ABŞ-nin hazırkı administrasiyasının – Ukraynanı yarımçıq dəstəklə tək buraxmasıdır. İkinci əsas faktor isə liderlik çatışmazlığıdır. Lider riskləri vaxtında dəyərləndirməli, milli resursları nəzərə almalı və strategiyasını bunlara uyğun planlaşdırmalı idi. Ümid qalır ki, bundan sonra Ukrayna üçün daha əlverişli siyasi-hərbi şərait formalaşacaq, işğal genişlənməyəcək və yaşanan xaosun mümkün qədər tez sona çatması üçün real imkanlar yaranacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az