- Siyasi müzakirə
- 16:22
- 900
“2026 seçkiləri Ermənistanın geosiyasi taleyini həll edəcək” - Tural İsmayılov
“2026-cı il parlament seçkiləri Paşinyan üçün artıq “ya hər şey, ya heç nə” mərhələsidir. Bu, sadəcə növbəti seçki deyil, Ermənistanın gələcək geosiyasi kursunun taleyini müəyyən edəcək həlledici səsvermədir. Meydanda təkcə siyasi partiyalar deyil, iki fərqli istiqamət – Rusiyaya bağlı köhnə asılılıq modeli ilə Qərbə inteqrasiya xətti – qarşı-qarşıyadır. Birinci mühüm detal Paşinyanın seçki kampaniyasına çox erkən başlamasıdır. Onun indidən namizədliyini açıqlaması təsadüfi deyil. Baş nazir təşəbbüsü əldən vermək istəmir və rəqibləri öz gündəminə uyğunlaşmağa məcbur edir. Alen Simonyanın ardınca namizədliyini irəli sürməsi isə göstərir ki, Vətəndaş Müqaviləsi Partiyası daxilində səfərbərlik rejimi artıq işə düşüb. Hakim komanda anlayır ki, 2026-cı ilə qədər siyasi mühitdə sakitlik olmayacaq. İkinci vacib məqam Paşinyana qarşı geniş və müxtəlif tərkibli cəbhənin formalaşmasıdır. Köçəryan köhnə rusiyayönlü elitanı, Tatoyan Qərb dairələrinin insan haqları çərçivəsində dəstəklədiyi “yumşaq müxalifət” modelini, Samvel Karapetyan isə oliqarxik kapitalın siyasətə qayıdış cəhdlərini təmsil edir. Bunun üzərinə kilsə institutunun və Rusiyanın Paşinyana qarşı açıq və ya gizli şəkildə səfərbərliyi də əlavə olunur. Bu, qarşıdakı mübarizənin tək ideoloji plana deyil, həm də maliyyə, media və sosial təsir imkanlarına söykəndiyini göstərir. Üçüncü mühüm faktor cəmiyyətin psixoloji durumudur. Müharibədən sonra Ermənistan cəmiyyəti hələ də travmatik və dərin şəkildə parçalanmış vəziyyətdədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkiləri üçün namizədliyini irəli sürüb və hakim Vətəndaş Müqaviləsi Partiyasından iştirak edəcəyini açıqlayıb. Onun ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyan da eyni partiyadan namizəd olduğunu bəyan edib. Paşinyanın siyasətini tənqid edən rəqib qüvvələr də artıq seçkilərə hazırlaşırlar. Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və hazırda İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyan bir neçə ay əvvəl seçkilərdə iştirak edəcəklərini bildiriblər. Bu arada Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə iştirak etmək istəyən üzvlərini noyabrın 30-dək namizədliklərini rəsmiləşdirməyə çağırıb. Müşahidəçilərin fikrincə, Paşinyan hökumətinə qarşı həm Rusiyayönlü siyasi dairələrin, həm də kilsə institutlarının təzyiqləri son aylarda xeyli artıb. İrəvanın Qərbə inteqrasiya xəttinə qarşı daxili müqavimətin güclənməsi də bu prosesin fonunda diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, cəmiyyətin bir qismi Paşinyanı kapitulyasiyada günahlandırır, digər qismi isə onun sayəsində ölkənin tam çökməkdən qorunduğunu düşünür.
"Bu qarşıdurma sadəcə səssiz fazaya keçib; seçki yaxınlaşdıqca yenidən açıq mübarizəyə çevriləcək. Dördüncü amil xarici təsirlərdir. Ermənistan daxilində seçkilər çoxdan daxili siyasi proses çərçivəsindən çıxıb. Rusiya Paşinyanı istəmədiyini gizlətmir, kilsə Moskvaya açıq dəstək verir, Qərb isə Paşinyanı hələlik “idarəolunan tərəfdaş” kimi saxlamaga üstünlük verir. Beləliklə, 2026 seçkiləri həm də böyük güclərin səssiz rəqabət meydanına çevriləcək. Bu mərhələdə informasiya müharibəsi, iqtisadi təzyiqlər və daxili etiraz ssenarilərinin paralel işləməsi gözlənilir. Paşinyan qalib gələ bilərmi? Real mənzərə göstərir ki, bəli – mümkündür, amma bu, asan qələbə olmayacaq. Onun üstünlüyü administrativ resurslar, formalaşmış partiya strukturu və Qərbin siyasi dəstəyidir. Zəif tərəfləri isə sosial-iqtisadi narazılıqlar, təhlükəsizlik böhranı və Rusiyanın destruktiv təsiridir. Əgər seçkilərə qədər ciddi sosial və ya təhlükəsizlik sarsıntısı baş verməzsə, Paşinyan minimal fərqlə də olsa qalib gələ bilər. Bununla belə, rusiyayönlü geniş koalisiya onun mövqeyini ciddi şəkildə zəiflədə bilər. Nəticə olaraq, 2026 seçkiləri “hakimiyyət dəyişəcəkmi?” sualından kənara çıxır. Bu seçki Ermənistanın ya Qərbə doğru riskli, lakin institusional transformasiya yolunu davam etdirəcəyini, ya da Rusiyanın təsir dairəsinə geri dönəcəyini müəyyənləşdirəcək. Paşinyan qalib gələcəyi halda ölkədə kilsə–oliqarx–Rusiya üçbucağının müqaviməti daha da sərtləşəcək, o məğlub olarsa, Ermənistanın xarici siyasət kursu kəskin şəkildə dəyişəcək. Bir sözlə, 2026 seçkiləri Ermənistan siyasi tarixinin ən gərgin, ən sərt və ən geopolitik yüklü kampaniyalarından biri olacaq. Bu dəfə söhbət təkcə Paşinyanın siyasi taleyindən deyil, ölkənin strateji gələcəyindən gedir".
Rəfiqə Namazəliyeva,
AzNews.az