“ABŞ və Aİ enerji marşrutlarını tam nəzarətə götürməyə çalışır” - Elçin Xalidbəyli

“Orta Dəhliz və Aralıq dənizi ətrafında baş verən proseslər qlobal enerji bazarlarının idarə olunmasında xüsusi rol oynayır. Bu proses ilk növbədə qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda enerji bazarlarına nəzarət mexanizmlərinin yenilənməsinə və ümumiləşdirilməsinə yönəlmiş kimi görünür. Həm ABŞ, həm də Avropa İttifaqı dünya enerji bazarlarını idarə edərkən rəqibləri, xüsusilə Çin və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bir çox hallarda Qərb bu iki ölkənin enerji bazarlarına nüfuz etməsinə açıq müqavimət göstərir və ehtimal olunur ki, hazırda müşahidə olunan geosiyasi dinamika məhz bu istiqamətdə daha effektiv nəzarət qurmağa hesablanıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Orta Dəhliz və Aralıq dənizi ətrafında ABŞ və Avropa İttifaqının artan fəaliyyəti regiondakı geosiyasi rəqabəti daha da kəskinləşdirib. Bu fəallıq xüsusilə nəqliyyat və logistika marşrutlarının diversifikasiyası, enerji təhlükəsizliyi və regional təsir uğrunda mübarizədə özünü aydın şəkildə göstərir. Vaşinqton və Brüssel Orta Dəhlizi dayanıqlı alternativ kimi möhkəmləndirməkdə maraqlıdır və bu, təkcə iqtisadi deyil, həm də siyasi tərəfdaşlıqların dərinləşməsinə təkan verir. Aralıq dənizi hövzəsində isə əsas diqqət enerji resurslarının nəqli, miqrasiya təhlükəsizliyi və Şərqi Aralıq dənizində güc balansının qorunmasına yönəlib.

Siyasi şərhçi qeyd edib ki, nəzərə almaq lazımdır ki, Orta Dəhliz yaxın gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Avropanı Asiya ilə birləşdirən geniş nəqliyyat-kommunikasiya marşrutunun mühüm tərkib hissəsinə çevrilə bilər.

"Ümumilikdə bu coğrafiya Qərb bazarlarına çıxan enerji marşrutlarının əsas trayektoriyası hesab olunur. Bu səbəbdən ABŞ həmin enerji arteriyasını Avropa İttifaqı ilə paralel şəkildə öz nəzarəti altına almağa çalışır. ABŞ-ın Cənubi Qafqaza artan marağı və Zəngəzur dəhlizi üzərində nəzarət hədəfləri də qlobal enerji və nəqliyyat arteriyalarına nəzarət strategiyasının tərkib hissəsidir. Bu proses, təbii ki, ABŞ və Avropa İttifaqının rəqibləri üçün mənfi nəticələr vəd edir. Həm Çin, həm də Rusiyanın oyun xaricində saxlanılması planı açıq şəkildə özünü göstərir. Belə anlaşılır ki, hər iki dövlət Qərbin əsas hədəfindədir və onların enerji bazarlarındakı iştirak payının mümkün qədər azaldılması istiqamətində addımlar atılır. Bütün bunlar qlobal enerji təhlükəsizliyi baxımından həm müəyyən problemlər yaradır, həm də mövcud risklərin tənzimlənməsi ehtimalını artırır. Yaxın perspektivdə Çin və Rusiya üçün daha ağır enerji böhranına yol aça biləcək situasiyanın formalaşması ehtimalı real görünür. ABŞ və Avropa İttifaqının maraq dairəsində olan bölgələrdə və strateji layihələrdə Çin və Rusiyanın iştirakı getdikcə daha məhdud məkanla əhatələnir. Artıq həm Moskvada, həm də Pekində anlayırlar ki, Cənubi Qafqazda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və Şərqi Aralıq dənizi ətrafındakı geosiyasi dinamika onlar üçün mənfi proseslərin başlanğıcıdır. Yaxın gələcəkdə bu bölgələr hər iki dövlət üçün ciddi çağırışlar və yeni problemlər yarada bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az