“Ermənistan yeni dünya düzənində yerini Qərblə birlikdə axtarır” - Əli Mustafayev

“Paşinyanın Ermənistanın siyasi xəritəsinə təsiri artıq xeyli müddətdir davam edir. Ən azı 2019-cu ildən başlayaraq, Ermənistanda baş verən bir çox dəyişikliklərdə Paşinyanın rolu və izi açıq şəkildə görünür. İndi isə onun əsas məqsədi bu kursu davam etdirməkdir. Bu kurs nədən ibarətdir? Ermənistanın Rusiyadan uzaqlaşması, Avropa İttifaqı və Avroatlantik strukturlarla inteqrasiyanın gücləndirilməsi və eyni zamanda Kremlin nüfuzunun zəiflədilməsi kursudur. Bununla yanaşı, ölkə böyük regional layihələrin bir hissəsi olmaq və yeni dünya düzənində mövqeyini gücləndirmək niyyətindədir. Demokratik bir dövlət kimi Ermənistan, xüsusilə Azərbaycan və Türkiyə ilə əməkdaşlığı davam etdirərək Güney Qafqazda mövqeyini möhkəmlətmək niyyətindədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O, hakim Vətəndaş Müqaviləsi Partiyasından namizəd olduğunu açıqlayıb. Paşinyanın ardınca parlament spikeri Alen Simonyan də eyni partiyadan namizədliyini irəli sürüb. Bundan əlavə, Paşinyanın siyasətini tənqid edən bir sıra rəqib partiyalar da seçkilərdə iştirak edəcəyini bəyan edib. Onlar arasında Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan və hazırda İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyan yer alır. Vətəndaş Müqaviləsi Partiyası isə seçkilərdə iştirak etmək istəyən üzvlərini namizədliklərini noyabrın 30-dək təsdiqləməyə çağırıb.

Siyasi şərhçi bildirib ki, Rusiyanın açıq müdaxiləsi yalnız Ukraynada üstünlük əldə etdiyi təqdirdə mümkün ola bilər.

“Hələlik isə belə bir üstünlük yoxdur, buna görə də, Ukraynadakı status quo davam etdiyi müddətcə Rusiyanın Ermənistan məsələsinə hərbi müdaxilə imkanları yoxdur. Siyasi müdaxilə isə mümkündür; məsələn, seçki prosesinə təsir göstərməyə çalışa bilərlər. Bu şəraitdə Paşinyan daha ciddi müdafiə mexanizmləri qurmağa çalışacaq və güman ki, qərb dövlətləri tərəfindən dəstəklənəcək. Rusiyanın müdaxiləsi isə hələlik Paşinyana qarşı açıq şəkildə ciddi bir təsir göstərə bilməz. Hazırda vəziyyəti proqnozlaşdırmaq mümkündür, lakin faktiki nəticələri müəyyənləşdirmək üçün bir az zamana ehtiyac var. Yəni, 2026-cı ildə seçki kampaniyası açıldıqda və siyasi mühit daha aydın görünməyə başladıqda, mövcud vəziyyətin daha dəqiq təhlili mümkün olacaqdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az