- Siyasi müzakirə
- 12 Dekabr 21:47
- 2 698
“‘Core 5’ təşəbbüsü əhəmiyyətlidir, amma reallaşması çətindir” -Elçin Mirzəbəyli
“Dünya nizamının yenidən formalaşdığı bir mərhələdə böyük güclərin münasibətlərində yeni çalarlar meydana çıxır və mövcud geosiyasi formatların qlobal prosesləri tənzimləmək qabiliyyəti əvvəlki qədər təsirli görünmür. Belə bir şəraitdə ABŞ-ın “Core 5” – ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyanı bir araya gətirən yeni siyasi-iqtisadi platforma yaratmaq ideyası həm ehtiyacdan doğan, həm də ziddiyyətlərlə yüklənmiş təşəbbüs kimi qiymətləndirilir. Təklifin mahiyyəti ondan ibarətdir ki, qlobal güc çəkisinə malik ən mühüm beş aktor arasında institusionallaşdırılmış dialoq kanalı yaradılsın və bu kanal həm böhranların idarə edilməsi, həm də əsas beynəlxalq oyun qaydalarının yenidən müəyyənləşdirilməsi üçün baza funksiyasını yerinə yetirsin.
Bu ideyanın gündəmə gəlməsinin mühüm səbəblərindən biri də G7 kimi Qərb mərkəzli formatların qlobal iqtisadi və siyasi reallıqlara tam adekvat olmamasıdır. Asiyanın yüksəlişi, BRICS-in genişlənməsi və qlobal iqtisadi gücün tədricən Şərqə doğru sürüşməsi yeni koordinasiya modelinə ehtiyac yaradır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Qeyd edək ki, dünya nizamında yeni siyasi və iqtisadi mərkəzlərin formalaşdığı bir vaxtda ABŞ-ın G7-yə alternativ kimi “Core 5” – ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyanı bir araya gətirən format yaratmaq ideyası beynəlxalq çevrələrdə ciddi rezonans doğurub. Bu təşəbbüsün qlobal güc bölgüsünə təsiri, regionlararası rəqabəti necə dəyişdirəcəyi və böyük dövlətlərin maraqlarını hansı şəkildə uzlaşdıra biləcəyi hələ də açıq qalır. Vaşinqton bir tərəfdən bu platforma vasitəsilə yeni geosiyasi idarəetmə çərçivəsi qurmağa çalışır, digər tərəfdən isə ABŞ–Çin və ABŞ–Rusiya kimi kəskin ziddiyyətlərin belə bir format daxilində necə harmonizasiya olunacağı suallar doğurur. Elə buna görə də “Core 5” ideyası həm əhəmiyyətli, həm də reallaşması çətin olan geosiyasi təşəbbüs kimi qiymətləndirilir.
Deputat qeyd edib ki, ABŞ-ın təklifi bu boşluğu doldurmağa cəhd kimi görünür.
"Bununla belə, “Core 5” real və həyata keçirilə bilən layihədən daha çox, hazırda bloklaşmış beynəlxalq münasibətlər sistemini yenidən strukturlaşdırmaq istəyinin ifadəsi kimi görünür Təşəbbüsün ən paradoksal tərəfi ondadır ki, ABŞ bu format vasitəsilə qlobal idarəetmədə yeni çərçivə yaratmağa çalışsa da, C5-in daxilində yer alacaq aktorlar arasında dərin, hətta bəzən kompromissiz rəqabət kök salıb. ABŞ–Çin münasibətləri strateji nüfuz, texnoloji üstünlük və Hind-Sakit okeanı regionunda dənizə nəzarət kimi fundamental məsələlər üzərində qarşıdurma ilə xarakterizə olunur. ABŞ–Rusiya xəttində isə Avropanın təhlükəsizliyi, Ukrayna müharibəsi, enerji geosiyasəti və nüvə balansı kimi son dərəcə kəskin məsələlər yer almaqdadır. Bu ziddiyyətlər aradan qaldırılmadan vahid masa arxasında uzunmüddətli harmoniyanın yaranacağına inanmaq çətindir. Üstəlik, Çin və Rusiya üçün ABŞ-ın belə format təklif etməsi birmənalı qarşılanmır; bu, onların nəzərində Qərbin qlobal oyunun qaydalarını öz üstünlüyü saxlanılmaqla yeniləmək cəhdi kimi görünə bilər. ABŞ üçün isə əksinə, Çin və Rusiyanın eyni platformada bərabərhüquqlu tərəfdaş kimi tanınması öz geosiyasi üstünlüyünün şərti şəkildə bölüşdürülməsi mənasına gəlir. Digər tərəfdən, “Core 5” daxilində Hindistan və Yaponiyanın mövqeləri də bir-birindən fərqlidir. Hindistan hər zaman strateji müstəqilliyə və çoxvektorlu siyasətə üstünlük verir; o, Çinlə rəqabət aparsa da, ondan iqtisadi cəhətdən asılıdır və Rusiya ilə ənənəvi təhlükəsizlik əməkdaşlığına malikdir. Yaponiya isə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi C5 daxilində Vaşinqtonun mövqelərini gücləndirə bilər, lakin Çinlə münasibətlərdəki tarixi və regional gərginlik bu xətti mürəkkəbləşdirir. Nəticədə beş dövlətin maraqlarının eyni həndəsi məkanda kəsişməsi daha çox nəzəri ehtimal təsiri bağışlayır. Bu səbəbdən, belə bir format yalnız müəyyən sahələrdə selektiv yumşalmaya yol aça bilər. Məsələn, nüvə təhlükəsizliyi, kosmik davranış qaydaları, enerji tranziti, qlobal tədarük zəncirlərinin davamlılığı kimi texniki sahələrdə dialoq pəncərəsinin açılması eskalasiyanın qarşısını almağa yardım edə bilər. Tarix göstərir ki, yüksək səviyyəli danışıq kanalları mövcud olanda böhran vəziyyətlərinin idarə olunması nisbətən daha asan olur. Lakin siyasi, hərbi və texnoloji məsələlər üzrə kəskin qarşıdurmalar qalarsa, bu platforma rəqabəti azaltmaqdan daha çox, münasibətləri başqa sahələrə, xüsusilə də iqtisadi təzyiq və üçüncü regionlarda nüfuz savaşına istiqamətləndirə bilər. Bu isə gərginliyin, sadəcə formasını dəyişərək davam etməsi deməkdir. Şübhəsiz, “Core 5” formalaşarsa, bu Avropanın geosiyasi roluna da təsirsiz ötüşməyəcək. Avropa İttifaqının bu formatda yer almaması transatlantik münasibətlərdə strateji balansı dəyişə bilər. Paralel olaraq, BRICS və digər regional birliklərlə rəqabətin dərinləşməsi dünya nizamının daha parçalanmış, çoxlaylı və çoxformatlı olmasına gətirə bilər.
Mahiyyət etibarilə ABŞ-ın “Core 5” təşəbbüsü həm mühüm, həm də ziddiyyətlərlə dolu ideyadır. Onun həyata keçməsi qlobal nizam üçün müəyyən sahələrdə faydalı dialoq imkanları yarada bilər, lakin ABŞ–Çin və ABŞ–Rusiya münasibətlərini köklü şəkildə yumşaltmaq gücünə malik deyil. Daha real ssenari ondan ibarətdir ki, belə bir format rəqabəti birbaşa hərbi müstəvidən iqtisadi, texnoloji və regional təsir sxeminə yönəldə bilər. Bu isə o deməkdir ki, beynəlxalq münasibətlərdə gərginlik azalmayacaq, yalnız forma dəyişəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az