“Rusiya Ermənistan üzərində təsirini itirmək istəmir” - Rəşad Bayramov

“Levon Ter-Petrosyanın növbəti dəfə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşməsi ölkənin həm daxili, həm də xarici siyasəti baxımından mühüm mesajlar ehtiva edir. Şübhəsiz ki, bu addım Moskvanın Ermənistandakı alternativ siyasi dairələrlə əlaqələri gücləndirməyə çalışdığını göstərir. Məlumdur ki, Levon Ter-Petrosyan indiki hakimiyyətdən fərqli olaraq Rusiyaya daha yaxın siyasət yürüdən bir fiqurdur. Onun səfirlə görüşü də Moskva ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. 1991–1998-ci illərdə prezident olduğu dövrdə Ter-Petrosyan Rusiyaya yaxın siyasəti və Kremlin regiondakı əsas tərəfdaşlarından biri kimi çıxış etməsi ilə tanınırdı. O, həm Qarabağ münaqişəsinin ilk illərində, həm də postsovet məkanında Moskvanın siyasət mexanizmlərini yaxşı bilən liderlərdən biri kimi qəbul olunurdu”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb. Bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib. Musinyan bildirib ki, görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, eləcə də onların inkişaf və möhkəmlənmə perspektivləri müzakirə olunub. Qeyd olunur ki, Sergey Kopırkin il ərzində Ermənistana artıq üç dəfə səfər edib. Ekspertlər hesab edirlər ki, Moldova ssenarisinin Ermənistanda təkrarlanması mümkündür. Xatırladaq ki, bundan əvvəl Kopırkinin müşaviri Zəngəzur dəhlizinin Rusiya və İrandan yan keçməsinin Moskva üçün sərfəli olmadığını vurğulamışdı.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Petrosyanla mütəmadi təmaslarının əsas məqsədi Ermənistanın daxili siyasi proseslərinə təsir imkanlarını genişləndirmək və Paşinyan hakimiyyətinə qarşı mövcud təzyiq rıçaqlarını qoruyub saxlamaqdır.

"Doğrudur, Ter-Petrosyanın hazırkı siyasi çəkisi əvvəlki kimi deyil, lakin Kreml üçün əsas məsələ böyük dəyişikliklər etmək deyil, müəyyən təsir alətini cilovda saxlamaqdır. Moskva anlayır ki, indiki siyasi kadrlarla Paşinyana real alternativ formalaşdırmaq çətindir. Buna görə də Petrosyan kimi simvolik fiqurlardan istifadə etmək Kremlin əlində qalan nadir rıçaqlardandır. Nəticə etibarilə, Ter-Petrosyan–Kopırkin görüşü Ermənistanın daxili siyasətində alternativ qüvvələrin Moskva ilə yenidən əlaqə axtarışının göstəricisi kimi dəyərləndirilə bilər. Bu görüş həm Ermənistanda geosiyasi yönün dəyişməsi ehtimalını, həm də Paşinyan hökumətinə qarşı müxalifət təzyiqlərinin fərqli kanallarla artırılmasını gündəmə gətirir. Görüşdən çıxan başqa bir nəticə isə budur ki, Rusiya Ermənistan üzərində təsirini itirmək istəmir, lakin onun əlinə real gücə malik yeni fiqurlar keçmir. Məhz buna görə Kreml yenidən “köhnə oyunçulara” qayıtmağa məcbur qalır. Ter-Petrosyanın ön plana çəkilməsi də bu vəziyyətin ən bariz təzahürüdür".

Rəfiqə Namazəliyeva,

AzNews.az