- Siyasi müzakirə
- 12 Dekabr 21:54
- 2 205
“Ukrayna öz torpaqlarından imtina etməyəcək və etməməlidir” - Azər Həsrət
"Ukrayna öz torpaqlarından imtina etmək fikrində deyil və etməməlidir, çünki belə bir addım təhlükəli presedent yaradar. Əgər ölkə Rusiyanın xeyrinə ərazilərindən vaz keçsə, bu, zəif dövlətlərin torpaqlarının güclülər tərəfindən ələ keçirilməsinə yol açacaq və proses dayanmaz. Buna görə də, Prezident Volodimir Zelenski rəhbərliyində Ukrayna qətiyyətlə müqavimət göstərir. Ukrayna mövqeyini qoruduğu müddətcə, öz məqsədlərinə çatma şansı yüksəkdir. Avropa Birliyi və digər beynəlxalq tərəfdaşlar da Ukraynanın tərəfindədir. Ölkəmiz də hesab edir ki, Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında münasibətlər hələ də gərgin və mürəkkəb vəziyyətdədir. 2022-ci ildən davam edən münaqişə iki ölkə arasında diplomatik və hərbi əlaqələri əsaslı şəkildə pozub, və danışıqlar hələ də nəticəsiz qalır. Rusiya işğal etdiyi ərazilərdə mövqeyini gücləndirməyə çalışır, Ukrayna isə ərazi bütövlüyünü qorumaq üçün ciddi müqavimət göstərir. Beynəlxalq səviyyədə ABŞ və Avropa Birliyi Ukraynanı dəstəkləyir və sülh təşəbbüsləri irəli sürür, lakin Moskvanın sərt mövqeyi danışıqları çətinləşdirir. Bu vəziyyət yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi risklər yaradır və tərəflər arasında kompromisin çətinliyini ortaya qoyur.
Siyasi şərhçi bildirib ki, Rusiya ABŞ-ın sülh planına göstərdiyi reaksiya həm məntiqsiz, həm də qəbuledilməzdir.
"Moskva həm işğal etdiyi torpaqları, həm də əlavə əraziləri tələb edir ki, bu da hər hansı dövlət üçün qəbuledilməzdir. Beləliklə, Rusiya sadəcə taktika tətbiq edir, Tramp isə bu taktikanın təsirinə düşür. Lakin Avropa ölkələri Ukraynanı dəstəklədiyi üçün, Tramp da zamanla onların mövqeyinə uyğun davranmaq məcburiyyətində qalacaq. Hazırkı durumda, Rusiya batmaqda olan gəmi kimi görünür və ona etibar etmək təhlükəlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az