- Siyasi müzakirə
- 20:23
- 3 325
“Geosiyasi reallıqlar 907-ci düzəlişin ləğvini zəruri edir” - Tural İsmayılov
“Bu qanun layihəsinin təqdim olunması ABŞ Konqresində Azərbaycanla bağlı yanaşmanın tədricən dəyişdiyini göstərən mühüm siqnaldır. Qəbul ehtimalı mövcuddur, amma proses asan olmayacaq və ciddi siyasi mübarizə tələb edəcək. 907-ci düzəliş uzun illər ərzində Konqresdə formalaşmış köhnə siyasi stereotiplərin məhsuludur. Xüsusən erməni lobbiləri bu düzəlişi saxlamaga çalışacaq və onu “təzyiq aləti” kimi qorumağa cəhd göstərəcəklər. Digər çətinlik ABŞ Konqresində regional məsələlərə yanaşmada parçalanmış mövqelərin mövcudluğudur. Lakin reallıq ondan ibarətdir ki, düzəliş artıq praktikada işləmir və illərdir prezident sərəncamları ilə neytrallaşdırılır. Bu isə hüquqi absurda çevrilib və Konqres üçün arqument zəifliyidir”.
Bu fikirləri Aznews.az-a açıqlama siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Bu barədə məlumat Konqresin rəsmi saytında yerləşdirilib. Qeyd olunur ki, sözügedən düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır. Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalamışdı. 1992-ci ildə qəbul edilmiş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir. Rəsmi Bakı isə Azərbaycan–ABŞ münasibətlərinin inkişaf perspektivlərini və Azərbaycanın geniş regionda artan rolunu nəzərə alaraq, ABŞ tərəfinin düzəlişi tamamilə ləğv etmək istiqamətində konkret addımlar atacağına ümid etdiyini açıqlayıb.
Siyasi şərhçi bildirib ki, Azərbaycanın regiondakı artan geosiyasi rolu Vaşinqton tərəfindən daha aydın şəkildə qiymətləndirilir.
"Xəzər hövzəsi, Orta Dəhliz və enerji təhlükəsizliyi ABŞ üçün strateji prioritetlərdir. 907-ci düzəlişin ləğvi təhlükəsizlik sahəsində əməkdaşlığı institusional səviyyəyə qaldıra bilər. Bu, regionda balansın qorunması baxımından da ABŞ üçün faydalıdır. Enerji siyasətində isə Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirər. Hüquqi məhdudiyyətlərin aradan qalxması investisiya və texnoloji əməkdaşlığı genişləndirər. Nəticə etibarilə, qəbul prosesi çətin olsa da, geosiyasi reallıqlar artıq bu qərarı zəruri edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az