“Erməni kilsəsi siyasi proseslərə açıq şəkildə müdaxilə edir” - Pərvanə Vəliyeva

“Ermənistanda xarici qüvvələrin siyasi hakimiyyətə əsas təsir mexanizmi erməni kilsəsi olub və kilsəni siyasi proseslere cəlb etməyə çalışıblar, çalışırlar. Burada kilsə sadəcə bir dini qurum deyil, həm də erməni millətçiliyinin, erməni xislətinin ideoloji mərkəzi, tarixən Qarabağda və ümumilikdə, regionda aparılmış təcavüzkar siyasətin legitimləşdiricisi rolunu oynayıb. Bu, əslində Ermənistanın siyasi-ideoloji xəttini dəyişdirməyə hesablanmış strategiyanın tərkib hissəsidir. Ancaq bu da həqiqətdir ki, kilsənin təsir imkanları böyükdür. Dünyanın bir çox ölkəsində erməni kilsələri fəaliyyət göstərir. Qaregin korrupsionerdir və nüfuzu və etimadı itirməsinə baxmayaraq, maliyyə imkanlarına görə güclüdür. Bu hadisələrə qarşı çıxan qüvvələrin özü də etimadı itirib. Yəni, kilsə mandatından kənar fəaliyyəti ilə cəmiyyətin etimadını artıq itirib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da paylaşdığı videoda keşişləri siyasiləşməkdə ittiham edərək II Qareginin kilsəni siyasi partiyaya çevirdiyini bildirib və bunu qəbuledilməz adlandırıb. Ekspertlər Paşinyanın mövqeyində həqiqət payı olduğunu desələr də, erməni kilsəsinin siyasiləşməsinin yalnız son dövrlərə aid olmadığını vurğulayırlar.

Deputat qeyd edib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə erməni kilsəsi dəfələrlə revanşist çağırışlarla çıxış edərək ictimai rəyin manipulyasiyası ilə məşğul olub.

"Tarixən kilsə tərəfindən dinimizə, mədəniyyətimizə, mətbəximizə açıq-aşkar təhdidlər olub. Regionda olan bütün qarşıdurmalarda kilsənin rolu böyük olub. 1905-1906, 1918-1920-ci illərdə baş verən müsəlmanlara qarşı qətliamlar kilsənin əli ilə törədilib, kilsənin mövqeyi bu qarşıdurmaları alovlandırıb. Paşinyan potensial təhlükəni çoxdan bilirdi. Paşinyan kilsənin bu cür fəaliyyətini həm mənəvi təhlükəsizlik, həm də dövlət təhlükəsizliyi məsələsi olaraq görür. Hazırki proseslər Ermənistan daxilində siyasi böhranın dərinləşdiyini göstərir və bu böhranın nəticələri regionumuza da təsirsiz ötüşməyəcək. Qərbin namizədi Nikol Paşinyanın, özünə təhdid olaraq gördüyü siyasi qüvvələri neytrallaşdırmaq üçün demokratiyadankənar addımlar atmaqdan da çəkinmədiyini görürük. Burada diqqət çəkən məqam Qərb təsisatlarının və “demokratiyanın müdafiəçisi” kimi çıxış edən qurumların Ermənistandakı bu anti-demokratik proseslərə tamamilə göz yummasıdır. Bu gün Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik” sənədində bu hallarla bağlı bir kəlmə belə yer almır, əksinə, Azərbaycan əleyhinə qəbuledilməz ifadələr işlədilir. Bu isə Ermənistanın tez-tez dəyişən ritorikasının bariz göstəricisidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az