“Türkiyənin zəiflədilməsi Türk dünyasının zəiflədilməsidir” - Azər Həsrət

“Türkiyənin federallaşması və xüsusilə PKK tərəfdarı olanlara muxtariyyət verilməsi, qardaş Türkiyənin çöküşünün başlanğıcı ola bilər. Ona görə də bu cür zərərli təbliğatların qarşısı mütləq vaxtında alınmalıdır. Yəni, Türkiyədə istənilən siyasi qüvvə və ya şəxs belə bir məsələ qaldırarsa, dərhal ona qarşı tədbir görülməlidir. Faktiki olaraq, Türkiyənin unitar dövlət quruluşuna təhdid olan bu çağırışa dözümlü yanaşmaq olmaz. Abdullah Öcalanla görüş barədə deyilənlər isə daha çox manipulyasiya cəhdini xatırladır. Əgər MHP təmsilçisi deyirsə ki, belə bir görüş olmayıb və MHP təmsilçisinin ciddiyyətinə şübhə yoxdur, deməli, kimlərsə bu görüşün ardından ictimai rəyi sınamaq üçün belə bir məsələ ortaya atıb. Türkiyə dövləti və Türkiyə ictimaiyyəti buna necə reaksiya verəcək, diqqətə alınmalıdır. Düşünürəm ki, Türkiyə ilə bağlı ortalığa atılan bu zərərli fikir yalnız qardaş Türkiyənin deyil, bütün Türk dövlətlərinin və Türk dünyasının maraqlarına ziddir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, hazırda İmralı adasında həbsdə saxlanılan terrorçu Abdullah Öcalanın rəhbərlik etdiyi PKK terror təşkilatının tərksilah edilməsi və ləğvi müqabilində Türkiyə hökumətindən muxtariyyət və federallaşma istədiyi barədə iddia irəli sürülüb. Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İddia bir sıra siyasi partiyaların təmsilçilərinin yaxınlarda həbsxanada PKK lideri ilə görüşdən sonra ortaya atılıb. Amma görüşdə iştirak edən Milliyyətçi Hərəkat Partiyasından (MHP) bu xəbərə təkzib gəlib. MHP bildirib ki, İmralı həbsxanasında baş tutan görüş zamanı Abdullah Öcalan partiyaların rəsmilərinə belə bir istəklərinin olmadığını söyləyib. Həmçinin o, PKK-nın tərksilah edilməsi üzrə çağırışına sadiq qaldığını vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, hazırda Türk dövlətlərinin daha sıx inteqrasiyası və birləşməsi üçün çalışırıq, amma belə bir vəziyyətdə kimlərsə qardaş Türkiyəni federallaşdırmaq və parçalamaq cəhdini ortaya qoyur.

"Bu artıq Türkiyənin daxili məsələsi olmaqdan çıxır və bütün Türk dünyası məsələsinə çevrilir. Ona görə də bu cür zərərli fikirləri yayanlarla bağlı dövlət ciddi tədbirlər görməlidir. Ümumiyyətlə, PKK terror təşkilatıdır və buna heç kimin şübhəsi olmamalıdır. PKK-nın tərksilah edilməsi prosesi davam edir; faktiki olaraq, Türkiyə ərazisindən PKK sıxışdırılıb çıxarılıb. Lakin PKK-nın tam silahsızlaşdırılması və terror təşkilatı kimi bitirilməsinin qarşısında İran adlı bir əngəl var. İran faktiki olaraq Qardaş Türkiyənin illərdir öz ərazisindən sıxışdırdığı PKK-çılara qucaq açır. Özü də bu PKK-çıları Azərbaycan, tarixi Azərbaycan torpaqlarında yerləşdirir. Hazırda PKK bazaları Qərbi Azərbaycan ostanında yerləşdirilib və onlar açıq şəkildə terrorçudurlar, terrora çağırış edirlər. İran dövləti onlara qucaq açıb və dəstək verir. Buna görə deyə bilərik ki, PKK faktiki olaraq Türkiyədən çəkilməyə məcbur olub, amma hələ tam olaraq silahı buraxmaq niyyətində deyil. Əgər belə olsaydı, Türkiyə ilə bərabər İraqda, Suriyada və İranda da bunu bəyan edər və əməli addımlarla dünyaya göstərərdilər. Lakin görünən odur ki, hələlik bunu müşahidə etmək mümkün deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az