- Siyasi müzakirə
- 21:39
- 1 042
“Rusiya üçün İran strateji əhəmiyyət daşıyır” - Azad Məsiyev
“Rusiya üçün İran xüsusi əhəmiyyət daşıyan bir dövlətdir. Ona görə ki, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilir, Rusiyanın cənub cinahı isə İran Körfəzinə, oradan da Hind Okeanına çıxacaq bir dəhliz əldə edir. Eyni zamanda, İran və Rusiya arasında Şimal-Cənub Dəhlizinin işlək vəziyyətə gətirilməsi və İranla Rusiya arasında enerji kəmərinin çəkilməsi barədə razılaşma mövcuddur. Bundan əlavə, Xəzər hövzəsi ilə əlaqədar beş Xəzər dövləti ilə İran-Rusiya əməkdaşlığı mövcuddur. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” formatı çərçivəsində İran-Rusiya münasibətləri xüsusi önəm daşıyır. Ümumilikdə, Rusiya üçün İran xüsusi əhəmiyyət kəsb edən bir dövlətdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, son günlər Rusiya və İran Zəngəzur dəhlizinə qarşı olduqları barədə siqnallar ötürür. Bundan başqa, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hər zaman İranı və onun qanuni haqlarını dəstəkləyəcək: "Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi mövcuddur. Biz daim İranı və onun qanuni haqlarını müdafiə edəcəyik.”
Siyasi şərhçi qeyd edib ki, bu barədə dövlətlər arasında strateji müttəfiqlik barədə razılıq olsa da, digər sahələrdə əməkdaşlıq davamlı şəkildə genişlənir.
"İsrailin İran münasibətləri və eyni zamanda ABŞ-nin İran siyasəti də xüsusi əhəmiyyət daşıyan məsələdir. Başda ABŞ olmaqla, İran əleyhinə yaradılan koalisiya İranda hakimiyyət dəyişikliyi etmək, özlərinə münasib bir hakimiyyət qurmaq niyyətindədir və bunu Rusiya əleyhinə istifadə etməyi planlaşdırır. Yəni, Rusiyanın cənub cinahını bağlamaq strategiyası hədəfə alınmışdır və müntəzəm şəkildə İrana qarşı edilən təzyiqlər də bu prizmdən yanaşılır. Təbii ki, İrana qarşı tətbiq olunan sanksiyalarla bu senari özünü doğrultmadı. İrana sanksiya tətbiq etməklə iqtisadi böhran yaratmaq və bunun fonunda ictimaiyyəti qaldıraraq İranda hakimiyyəti dəyişmək proqramı həyata keçirilməyə çalışılmışdır, lakin bu, nəticə vermədi. Hətta müntəzəm şəkildə İranla hərbi əməliyyatların başlanması üçün İsrail tərəfindən təşəbbüslər olmuşdur. Son 12 günlük hərbi əməliyyatlar zamanı da məlum oldu ki, İranın strateji obyektlərini hədəfə almaqla ictimaiyyəti qaldırmaq qeyri-mümkündür. Yəni, hərbi obyektləri və müntəzəm obyektlərin strateji əhəmiyyətini vurmaqla İranda hakimiyyəti dəyişmək mümkün deyil. Quru əməliyyatlar həyata keçirilmədən və genişmiqyaslı hərbi əməliyyatlar aparılmadan bu proqramı reallaşdırmaq qeyri-mümkündür. ABŞ və İsrail də bilir ki, İranla quru hərbi əməliyyatı aparmaq ciddi fəlakətlərə səbəb ola bilər. Hər hansı hərbi əməliyyat zamanı İranın öz müttəfiqləri mövcuddur. Bunlar arasında Rusiya və Çin kimi güclü tərəflər var. İran xam neftinin təxminən 60%-ni Çinə satır, Çin bu xam neftdən istifadə edir və belə bir dövlətin hakimiyyətinə müdaxilə proqramına qarşı çıxması qaçılmazdır. Buna görə də, İranın da öz müttəfiqləri var. Bu baxımdan, İsrailin İranla quru hərbi əməliyyatlara başlaması onun üçün fəlakətli nəticələr doğura bilər. İsrailin təkbaşına bu əməliyyatları aparması mümkün deyil, çünki arxasında ABŞ və qərb dairələrinin dəstəyi olmasa, Yaxın Şərqdə hərbi əməliyyat aparmaq imkanları yoxdur. Həmçinin, Ümumdünya Yəhudi Lobisi ilə Mason təşkilatları İsrail dövlətinə həm siyasi, həm də maliyyə baxımından dəstək göstərirlər. Buna görə, İran və İsrail arasında quru hərbi əməliyyatların başlanması real görünmür. Bu, yalnız müəyyən strateji obyektlərin hədəfə alınması və İranın provokasiya edilməsinə imkan verə bilər, lakin bu metodla hakimiyyəti dəyişmək mümkün deyil. Qaldı İran və Rusiya arasında müttəfiqlik məsələsinə, təbii ki, Rusiya və İran arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və hər iki dövlətin hədəfləri üst-üstə düşür. Bildiyiniz kimi, ABŞ Rusiyanı və İranı düşmən elan edib. Bu baxımdan, iki ölkəni ortaq platformada birləşdirən amil var: ABŞ-nin və Qərbin İranla bağlı yaratdığı koalisiya. Bu əməkdaşlıq getdikcə inkişaf edir. İran və Rusiya bir çox platformalarda əməkdaşlıq edir, həm ikitərəfli, həm də çoxtərəfli sahələrdə əməkdaşlıq mövcuddur. Şanxay Əməkdaşlıq Təşkilatında və BRICS-də əməkdaşlıqları davam edir. Ümumilikdə, Rusiya-İran əməkdaşlığı müxtəlif sahələrdə genişlənməkdədir. “3+3” formatı da regionun inkişafı və təhlükəsizliyi üçün xüsusi önəm daşıyır. Bu platformanın işlək vəziyyətə gəlməsi üçün həm İran, həm də Rusiya açıq mövqelərini nümayiş etdirir və dəstəkləyir. Hesab etmək olar ki, İran-Rusiya əməkdaşlığı qısa müddətdə ABŞ və ya İsrailin təsiri ilə pozulacaq deyil və bu əməkdaşlıq gələcəkdə genişlənəcək. Ümumilikdə, əgər bölgədə İran-İsrail qarşıdurması yaranarsa, böyük hərbi və xaotik nəticələr baş verəcək və bu, region dövlətlərinə ciddi təsir göstərəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az