- Siyasi müzakirə
- 20:03
- 1 044
“EUMA fəaliyyətini dayandırmalıdır” - Pərvanə Vəliyeva
“Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinin davam etdirilməsi “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin maddəyə əsasən, tərəflər sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsindən qarşılıqlı şəkildə imtina edirlər. Sülh müqaviləsinin mühüm müddəalarından biri də delimitasiya və demarkasiya prosesi yekunlaşana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməsini nəzərdə tutur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 8 avqust tarixində əldə olunmuş Azərbaycan–Ermənistan razılaşması çərçivəsində əsas prioritet qarşılıqlı etimadın formalaşdırılması və sülh prosesinin təmin edilməsi olub. Hazırda sərhəd xəttində hər hansı atışma faktı qeydə alınmır, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin qurulmasına başlanılıb. Həmin razılaşmalarda, eləcə də qəbul edilmiş bəyanatlarda və ortaya qoyulan mövqelərdə tərəflər arasında sərhəd boyunca üçüncü tərəflərə məxsus əlavə qüvvələrin yerləşdirilməməsi məsələsi də öz əksini tapıb. Lakin təəssüf ki, Ermənistan tərəfi bu razılaşmalardan irəli gələn bir sıra öhdəliklərlə yanaşı, məhz bu müddəaya da əməl etmir. Belə ki, Ermənistan ərazisində, o cümlədən Ermənistan–Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti hələ də davam etdirilir və bu missiya Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərir.
Deputat qeyd edib ki, növbəti yeddi il üçün Avropa İttifaqı ilə Ermənistan arasında strateji prioritetləri müəyyən edən ikitərəfli sənəd bu yanaşma ilə ziddiyyət təşkil edir.
“Qeyd edilməlidir ki, EUMA missiyası Azərbaycanla razılaşdırılmayıb. Bu baxımdan, sözügedən Saziş imzalandığı təqdirdə missiyanın fəaliyyətinə son qoyulmalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az