“Zəngəzur dəhlizinin açılması qaçılmaz mərhələdir” - Mübariz Göyüşlü

"Hesab edirəm ki, Zəngəzur dəhlizi ümumiyyətlə elə bir vacib strategiya, layihə və prosesdir ki, hər kəs, hər bir dövlət, hər bir güc mərkəzi istəyir ki, onun nəzarətində olsun və orada üstün mövqedə olsun. Bu baxımdan Rusiyanın və İranın məsələyə fəallığı təbii qiymətləndirilməlidir. Belə ki, dəhliz həm İran üçün, həm də Rusiya üçün strategik əhəmiyyət daşıyır. Ona görə bu fəallıq normal qəbul olunmalıdır. Amma sual yaranır: bu fəallıq layihənin müsbət istiqamətdə, yəni Zəngəzur dəhlizinin açılmasına, normal işləməsinə, sosial-iqtisadi, ticarət, nəqliyyat və kommunikasiya sahələrində faydalı olmasına yönələcəkmi? Bu məsələlər bir qədər şübhəlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, son dövrlərdə Zəngəzur dəhlizi ətrafında geosiyasi ritorikanın yenidən kəskinləşməsi regionda diqqət mərkəzinə çevrilib. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu nəqliyyat marşrutu təkcə regional kommunikasiya layihəsi deyil, eyni zamanda Cənubi Qafqazda yeni güc balansının formalaşmasında əsas alətlərdən biri kimi qiymətləndirilir. Məhz bu mərhələdə Rusiya və İranın mövqelərində müşahidə olunan aktivləşmə təsadüfi deyil. Hər iki dövlət Zəngəzur dəhlizinə fərqli səbəblərlə yanaşsa da, ortaq məqam onların regiondakı təsir imkanlarının məhdudlaşa biləcəyi ilə bağlı narahatlıqlarıdır. Bu isə layihənin artıq sırf iqtisadi çərçivədən çıxaraq açıq geosiyasi müstəviyə keçdiyini göstərir.

Siyasi şərhçi qeyd edib ki, Rusiya və İranın müdaxiləsi bu məsələlərin obyektiv şəkildə təmin olunacağına şübhə yaradır.

"Əslində, onlar layihənin ümumiyyətlə baş tutmamasına da cəhd göstərə bilərlər. Bu şübhə isə ondan irəli gəlir ki, layihə böyük ehtimalla Azərbaycanın nəzarətində olacaq və onun faydalı nəticələrini təmin etmək istəyən tərəflərin əlindədir. Ona görə də, Rusiya və İran layihənin nəzarətində olmayacağı təqdirdə cəngözlük, maneçilik göstərməyə çalışacaqlar. Lakin mən inanmıram ki, bu cəhdlər nəticə versin. Bu məsələləri biz artıq arxada qoyuruq. Qarşıda isə Zəngəzur dəhlizinin açılması və onun fayda verməsi kimi vacib addımlar dayanır və tarix bunun qiymətini verəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az