- Siyasi müzakirə
- 23 Dekabr 23:55
- 2 122
“Berlin Rusiya ilə strateji qarşı durmanı Avropanın əsas missiyası sayır” - Zaur İbrahimli
“Almaniya Rusiya–Ukrayna müharibəsində qətiyyətli mövqeyi ilə ön plana çıxır. Xüsusən, Rusiya ilə strateji qarşı durmaya yanaşması rəsmi Berlinin daha qətiyyətli görünməsini təmin edir. Hazırda Berlin, Fransadan, İtaliyadan və digər Avropa ölkələrindən fərqli olaraq, Rusiya ilə strateji qarşı durmanı Avropanın əsas missiyası hesab edir və açıq şəkildə bildirir ki, əgər Ukraynada Putin qalib gəlsə, bu, SSRİ-nin yeni formatda yaranması ilə nəticələnə bilər. Bu isə Avropaya birbaşa təhdid yaradır. Bu yanaşma ilə bir çox Avropa ölkələri, hətta Fransa daxil olmaqla, bölüşsələr də, bu strategiyanın hansı addımlarla həyata keçiriləcəyi məsələsində fikir ayrılıqları mövcuddur. Almaniya rəhbərliyi düşünür ki, yalnız qüc balansı yaradaraq Rusiyanı agresiv planlardan çəkindirmək mümkündür. Ukraynaya bütün mümkün vasitələrlə dəstək verilməsi Rusiya potensialını zəiflətmək və onun strateji planlarını puça çıxarmaq üçün vacibdir. Lakin son vaxtlar müşahidə olunur ki, İtaliya və Fransa müəyyən qədər mövqelərini yumşaldıblar. Onlar hesab edirlər ki, Rusiya indiki mərhələdə əldə etdiklərini saxlaya bilər və gələcək strategiya balansı üçün danışıqlar aparmaq vacibdir. Onlara görə, Avropanın mövcud resursları Rusiya ilə strateji qarşı durmanı daha da yüksəltmək üçün yetərli deyil və bu, ölkələrin potensialını zəiflədir. Rusiya ilə strateji balans barədə anlaşmadan sonra Avropa hərbi təzyiqini davam etdirə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
Xatırladaq ki, Almaniya rəhbərliyinin Berlini Avropanın əsas geosiyasi mərkəzinə çevirmək niyyəti Avropa İttifaqı daxilində güc balansının dəyişdiyini göstərir və bu yanaşma Fransa-Almaniya tandemi çərçivəsində yeni rəqabət elementləri yaradır.
Siyasi şərhçi qeyd edib ki, Almaniya rəhbərliyi əks mövqedən çıxış edir və hesab edir ki, indiki mərhələdə cəsarətli addımlar atmaq vacibdir.
"Əks halda, Putin hər hansı razılaşmalara əməl etməyəcək və Rusiya əsas məqsədi olan Ukraynaya tam nəzarət etmək hədəfinə çatacaq. Ukraynaya nəzarət isə Rusiyanı həm hərbi, həm də resurs baxımından gücləndirəcək və eyni zamanda Avropa üçün daimi təhdid mənbəyinə çevriləcək. Belə strateji yanaşmalarda ciddi fərqlər mövcuddur, lakin ortaq nöqtələr də az deyil. Ukraynanın dəstəklənməsi ilə bağlı 90 milyard avro həcmində maliyyə və yardımlar barədə qərar qəbul olunub. Bu, Almaniyanın nailiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, Rusiya aktivlərinin müəyyən müddətə bloklanması və yalnız Ukraynaya reparasiya üçün istifadəsi ilə bağlı da qərar qəbul edilib. Bu, Avropa ölkələrinin niyyətlərinə çatması kimi dəyərləndirilə bilər. Almaniya Rusiya aktivlərindən istifadə edərək Ukraynaya kreditlər verilməsi vəzifəsini tam yerinə yetirə bilməyib və bu baxımdan bəzi uğurlar əldə olunmayıb. Bəzi analitiklər hesab edirlər ki, Almaniyanın Rusiyaya qarşı strateji müqavimət səylərinə diqqət yetirmək lazımdır. Almaniyanın bu istiqamətdə təşəbbüsləri bir çox Avropa ölkəsi tərəfindən dəstəklənir və Avropa İttifaqı hətta böhran vəziyyətlərində belə qərar qəbul etmək bacarığını nümayiş etdirib. Almaniyanın Avropa İttifaqında tam liderlik mövqeyini gücləndirməsi indiki halda asan görünmür, çünki iddialı Fransa və Avropa strategiyasına fərqli yanaşan, daha çox prezident Trampın mövqeyi ilə uzlaşan İtaliya da var. Lakin Rəsmi Berlinin son bir ildə atdığı addımlar Almaniyanın qətiyyətini və ambisiyasını göstərir. Almaniyanın bu potensialı var. Xüsusən Şərqi Avropa ölkələri, Baltik ölkələri və Mərkəzi Avropa ölkələri Almaniyanın qəti mövqeyini dəstəkləyirlər. Baltik ölkələri və Polşa Rusiya təhdidini çox real hesab edir və Rusiyaya qarşı strateji yanaşma onların mövqeyi ilə uzlaşır. Prinsipi etibarı ilə, bu ölkələr Almaniyanın indiki mərhələdə ambisiyasını müsbət qarşılayır. Lakin kiçik ölkələr həmişə Avropa İttifaqında qüvvə balansının paylanmasının tərəfdarıdırlar. Bu, hər hansı bir öncül ölkənin həddən artıq güclənməsindən yaranan narahatlıqla bağlıdır, çünki güc balansı pozulduqda kiçik ölkələrin haqları nəzərə alınmır və onların səsi əhəmiyyətli rol oynamır. Qüvvə balansı qorunduqda isə kiçik ölkələr strateji aktivlərə dəstək verir və manevr imkanına malik olurlar. Hazırkı mərhələdə onlar müvəqqəti olaraq Almaniyanın ambisiyalarını dəstəkləyə bilirlər, lakin uzaq perspektivdə daha çox qüvvə balansının paylanmasında maraqlı olacaqlar".
Rəfiqə Namazəliyeva,
AzNews.az