- Siyasi müzakirə
- 29 Dekabr 14:31
- 976
“Paşinyan revanşist qüvvələrlə müqayisədə daha rasional görünür” - Mübariz Göyüşlü
"Paşinyanın mövcudluğu, revanşist qüvvələrdən, kilsənin dirijor çubuğu ilə hərəkət edən radikal qruplardan, “Daşnaksütyun”dan, xaricdəki diaspor və lobbi təşkilatlarının nümayəndələrindən fərqli olaraq, daha normal görünə və qiymətləndirilə bilər. Amma onların üstün mövqelərə keçməsi Paşinyanı öz mövqeyindən çəkilməyə də sövq edə bilər. Yaxud da onların təzyiqlərini bəhanə gətirərək verdiyi sözdən və atdığı imzadan geri çəkilməyə cəhd göstərə bilər. Bu addım ona baha başa gələ bilər, amma siyasi manevr üçün ehtimal olunur. Revanşist qüvvələrin fəallaşması və kilsənin onlara dəstəyinin güclənməsi sülh prosesinə real təhlükə yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Ermənistanda son aylarda dərinləşən daxili siyasi böhran Azərbaycan–Ermənistan sülh prosesinin gələcəyini yenidən sual altına alıb. Baş nazir Nikol Paşinyanın artan ictimai narazılıq, müxalifətin təzyiqləri və revanşist dairələrin fəallaşması fonunda mövqeyinin zəifləməsi rəsmi İrəvanın danışıqlardakı davranışına da təsirsiz ötüşmür. Bir tərəfdən beynəlxalq vasitəçilər qarşısında sülhə hazır görüntü yaradan Ermənistan rəhbərliyi, digər tərəfdən daxili auditoriya qarşısında geri addımlar atmağa məcbur qalır. Mövcud vəziyyət regionda dayanıqlı sülhün əldə olunması baxımından ciddi risklər və yeni suallar doğurur.
Siyasi şərhçi qeyd edib ki, təzyiqlər güclənərsə, Paşinyanın geri çəkilməsi mümkündür.
"Lakin sülh sazişi mütləq olmalıdır. Biz bu məsələdə türk qardaşlarımızı çağırmağa ehtiyac görmürük. Azərbaycan addımını atır, əli uzadır, Ermənistanla bu şansdan istifadə etmək üçün imkan yaradır. Amma qarşı tərəf də bunu düzgün qiymətləndirməli və doğru addım atmalıdır. Əgər etməsələr belə, Azərbaycan güclü dövlətdir və Ermənistan, nəinki Paşinyan, hətta qeyri-Paşinyan rəhbər gəlsə də, Azərbaycana qarşı nəsə edə bilməz. Sadəcə olaraq, gərgin situasiya istəmirik. Sülh sazişinin imzalanmasını istəyirik və ona doğru addımlar atırıq. Düşünürəm ki, Paşinyan da bunu düzgün qiymətləndirəcək, sülh sazişinə doğru hərəkət etməyə davam edəcək və nəticədə razılaşmaya nail ola biləcəyik".
Rəfiqə Namazəliyeva,
AzNews.az