- Siyasi müzakirə
- 5 Yanvar 19:03
- 6 026
"Hərbi güc milli maraqları təmin etmək üçündür" – Oqtay Qasımov
"Venesuelada baş verən hadisələr və prezident Nikolas Maduronun zorakılıqla ələ keçirilməsindən sonra dünyada təhlükəli presedent yarana bilər. Bu cür addımlar bir çox ölkələri, xüsusilə də güclü dövlətləri oxşar hərəkətlərə həvəsləndirə bilər. Məhz bu amil dövlətləri gələcək mərhələlərdə daha ehtiyatlı davranmağa məcbur edir. Fransa xarici işlər nazirinin yenidən silahlanma ilə bağlı açıqlamasına gəldikdə isə, bu məsələyə iki əsas aspektdən yanaşmaq olar. Birinci aspekt güclü dövlətlərin daha zəif ölkələrə birbaşa müdaxiləsi, dövlət rəhbərlərinin qaçırılması, öldürülməsi və ya oğurlanması kimi ssenarilərə qarşı hazırlıqlı olmaqdır. Bu isə indiyədək mövcud olan beynəlxalq hüquq normalarının, qaydaların və razılaşmaların faktiki olaraq gözardı edilməsi deməkdir".
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Xatırladaq ki, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu zorakılıq yolu ilə ələ keçirməsi iddialarından sonra Fransa dünyada “ən güclünün hüququ” prinsipinin formalaşmasına hazırlaşmaq məqsədilə yenidən silahlanmaq niyyətindədir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France 2” televiziya kanalına verdiyi müsahibədə bildirib.
Politoloq bildirib ki, ikinci aspekt Fransanın tarixi müstəmləkəçilik ənənələri ilə bağlıdır.
"Bu gün də dünyanın müxtəlif bölgələrində təsir imkanlarını qoruyan Fransa hərbi gücünü artırmaq üçün daha çox vəsait ayırmağa, müasir silah və hərbi texnologiyaların istehsalını genişləndirməyə çalışır. Bu yanaşma, ölkənin həm hazırkı, həm də keçmiş müstəmləkə ərazilərində təsir imkanlarını gücləndirmək niyyətindən xəbər verir. Yekun olaraq demək olar ki, bu proses iki əsas məqsədə xidmət edir: bir tərəfdən özünü müdafiə etmək və mümkün təhlükələrdən qorunmaq, digər tərəfdən isə təsir zonalarında nəzarəti artırmaq və milli maraqları bu yolla təmin etmək".
Rəfiqə Namazəliyeva,
AzNews.az