- Siyasi müzakirə
- 5 Yanvar 20:10
- 4 470
"ABŞ Venesuelada beynəlxalq hüququ pozdu" – Elçin Xalidbəyli
“Əslində, Amerika Birləşmiş Ştatları hərbi əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduronu zorakılıqla ələ keçirməklə olduqca riskli addım atıb. Bu addım açıq şəkildə beynəlxalq hüquq normalarının pozulması, müstəqil bir dövlətin daxili işlərinə kobud müdaxilə xarakteri daşıyır. Maduronun hakimiyyətdən kənarlaşdırılması yalnız o halda beynəlxalq hüquqa uyğun sayıla bilərdi ki, ABŞ bu addımı atmazdan əvvəl BMT Təhlükəsizlik Şurasından xüsusi qətnamə ilə razılıq alsın. Lakin Vaşinqton bu istiqamətdə hər hansı hüquqi mexanizmə müraciət etmədən beynəlxalq hüquq sisteminin əsaslarını sarsıdan addım atıb. Nəticədə hazırda həm BMT çərçivəsində, həm də qlobal miqyasda ciddi narahatlıq müşahidə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Venesuelaya müdaxiləsi və prezident Nikolas Maduronun devrilməsi ilə bağlı təcili iclas keçirməyə hazırlaşması beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Bir sıra ölkələr Vaşinqtonun addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Bu kontekstdə Təhlükəsizlik Şurasında ABŞ-ın əleyhinə qətnamənin qəbul olunub-olunmayacağı sual doğurur.
Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən mövcud qlobal düzənin və beynəlxalq hüquq normalarının qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməsi və ABŞ-nin Venesuela ilə bağlı addımlarına reaksiya verməsi gündəmə gəlib.
"Bununla belə, prosesin necə nəticələnəcəyini əvvəlcədən dəqiq demək çətindir, çünki ziddiyyətli mövqelər artıq kəskinləşməkdədir. Təhlükəsizlik Şurasında bir sıra dövlətlər ABŞ-la qarşıdurmadan çəkinərək bitərəf mövqe tuta bilərlər. Hətta ABŞ-nin əleyhinə qətnamə layihəsi irəli sürülsə belə, Vaşinqtonun Şuranın beş daimi üzvündən biri kimi veto hüququndan istifadə edərək qərarın qəbulunu bloklamaq imkanı var.
Bu prosesdə Rusiya və Çinin tutacağı mövqe xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın Venesuela ilə uzun müddətdir mövcud olan yaxın siyasi və ticarət münasibətləri olub. Çinin maraqları isə daha çox enerji resurslarına çıxışla bağlıdır. Bu baxımdan hər iki dövlətin Venesuelanı dəstəkləmək ehtimalı istisna edilmir. Lakin mövcud vəziyyətin Rusiya və Çinin strateji maraqlarına hansı səviyyədə uyğun gəldiyi hələlik tam aydın deyil. Digər tərəfdən, ABŞ-nin Venesuelada beynəlxalq hüququ pozan davranışları qlobal miqyasda təhlükəli presedent yaradır. Bu presedentdən həm Rusiya, həm də Çin gələcəkdə öz maraqları çərçivəsində istifadə edə bilər. Məhz buna görə də həmin dövlətlərin Vaşinqtona qarşı hansı səviyyədə mövqe tutacağı hələlik qeyri-müəyyən olaraq qalır. Avropa dövlətlərinin mövqeyi də eyni dərəcədə mürəkkəbdir. Avropa İttifaqının bəzi üzvləri ABŞ-la açıq qarşıdurmadan çəkinərək ehtiyatlı mövqe nümayiş etdirə bilərlər. Bu amil onların Təhlükəsizlik Şurasındakı davranışına birbaşa təsir göstərə bilər. Digər tərəfdən isə bir sıra Avropa ölkələri ABŞ administrasiyasının Rusiya ilə yaxınlaşmasından və Ukrayna məsələsində tutduğu mövqedən ciddi narahatlıq keçirir. Bu kontekstdə ABŞ-dan narazı olan bəzi Avropa dövlətlərinin Venesuela ilə bağlı qalmaqalda Vaşinqtona qarşı daha sərt mövqe sərgiləməsi də mümkündür. Nəticə etibarilə, BMT Təhlükəsizlik Şurasının iclasının necə yekunlaşacağı və ABŞ-nin əleyhinə və ya lehinə hər hansı qərarın qəbul edilib-edilməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır".
Rəfiqə Namazəliyeva,
AzNews.az