"BMT Nizamnaməsi artıq formal xarakter daşıyır" – Zaur İbrahimli

"ABŞ-nin Venesuelaya qarşı xüsusi hərbi əməliyyat keçirilməsindən sonra biz faktiki olaraq yeni bir reallıqla üz-üzəyik. Bu yeni reallıqda artıq BMT Nizamnaməsinə formal yanaşmağa ehtiyac hiss olunmur. Eyni zamanda ölkələrin suverenliyi yalnız beynəlxalq hüquqla və BMT-nin zəmanətləri ilə deyil, onların gücü, tərəfdaşlarının potensialı və yaratdıqları ittifaqların rəqabət qabiliyyəti ilə ölçülür. Artıq milli suverenlik və güc anlayışları faktiki olaraq eyni məna kəsb edir, yəni suverenlik yalnız o zaman təmin oluna bilər ki, hər hansı bir ölkə özü və müttəfiqləri ilə birlikdə onu qorumaq imkanına malik olsun. Artıq dövlətlərin beynəlxalq hüquqla təmin olunan suverenliyindən danışmaq mümkün deyil. Belə bir şəraitdə, faktiki olaraq, hər kəsin hər kəsə rəqib olduğu yeni qlobal reallıq yaranır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, "The Guardian” ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra növbəti potensial hədəflərin İran və Danimarka ola biləcəyini yazıb. Nəşrin qeyd etdiyinə görə, Venesuelada bir gecə ərzində baş verən hadisələr ABŞ Prezidenti Donald Trampın radikal addımlar atmağa hazır olduğunu bəyan etdiyi ölkələrin hökumətlərində ciddi narahatlıq yaradacaq. Məqalədə bildirilir ki, son günlər Tramp ABŞ-nin İranda hökumət əleyhinə etiraz edənləri dəstəkləməyə hazır olduğunu açıq şəkildə dilə gətirib. Bundan əlavə, nəşr amerikalı rəsmilərin Qrenlandiyanın “istənilən vasitə ilə ələ keçirilməsi” ilə bağlı hədələr səsləndirməyə davam etdiklərini vurğulayır. Xatırladaq ki, bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiyanın investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-nin Venesuelaya zərbələri fonunda növbəti hədəfin Qrenlandiya olub-olmayacağı sualını gündəmə gətirmişdi.

Siyasi şərhçi qeyd edib ki, bu yeni qlobal reallıqda supergüclər öz milli maraqlarını digər ölkələr üçün məcburi öhdəlik kimi qəbul edirlər.

"Belə bir kontekstdə ABŞ-nin indiki administrasiyasının Qrenlandiya iddiaları yalnız söz və ya psixoloji təhdid kimi qəbul edilmir. Ümumiləşdirilmiş təhlillər göstərir ki, ABŞ-nin Venesueladakı əməliyyata bənzər addımları Qrenlandiyada da baş verə bilər. ABŞ prezidenti bu məsələni xüsusilə vurğulayıb və açıqlamasında diqqət çəkən məqam odur ki, bu, ABŞ-nin müdafiə qabiliyyətini və milli təhlükəsizliyini təmin etmək üçün zəruridir. Belə olan halda güman etmək olar ki, ABŞ ilk növbədə diplomatik və siyasi təzyiqlə Danimarkanı razı salmağa çalışacaq. Lakin bu baş vermədikdə, yaxın perspektivdə ABŞ-nin növbəti xüsusi hərbi əməliyyatı keçirməsi ehtimalı istisna deyil. Hazırda Venesuela ilə bağlı proseslərin qeyri-müəyyənliyi ABŞ-nin uzun müddət və gərgin işləməsini tələb edir. Dünyanın reaksiyası isə əsasən mənfidir və bu, ABŞ-nin özü və xarici siyasəti üçün risklər yaradır. Nəticədə, növbəti hərbi əməliyyatlar böyük risk daşıyır. Hazırda Prezident Trampın prioriteti Venesuela ilə bağlı məsələləri sabitləşdirmək və orada nizamlı prosesin formalaşmasına nail olmaqdır. Paralel olaraq ABŞ Avropadakı hərbi mövcudluğunu artırır və Venesuela məsələsi dünyanı şoka salan bir ərəfədə Qrenlandiya ilə bağlı təzyiqlər də yüksəlir; bu, əsasən psixoloji təzyiq xarakteri daşıyır. Əgər Avropa İttifaqı ciddi müqavimət göstərməsə, ABŞ Qrenlandiya üzərində nəzarəti təmin etmək üçün hərəkətə keçəcək. Yəni nəticə daha çox Avropa İttifaqının mövqeyindən asılıdır. Avropa İttifaqı hələlik ehtiyatlı mövqe tutur. Əgər bu mövqe davam edərsə, ABŞ daha cəsarətli addımlar ata bilər. İranla bağlı vəziyyətdə isə, əgər mərkəzdən qaçma meyilləri genişlənər və ölkə vətəndaş müharibəsi vəziyyətinə gəlirsə, ABŞ və İsrail müəyyən xüsusi müdaxilələr həyata keçirə bilərlər. Burada genişmiqyaslı hərbi əməliyyatlardan yox, konkret xüsusi əməliyyatlardan söhbət gedir. ABŞ prezidenti açıqlamalarında həm İran hakimiyyətinə təzyiq məqsədini vurğulayır, həm də mərkəzə qaçma proseslərini izləmək üçün müəyyən əsaslar yaradır. Əsas məqsəd hazırkı iqtidarı güzəştlərə sövq etmək, xüsusən İranın nüvə və raket proqramı ilə bağlı razılaşmaya gətirməkdir. Bu baxımdan İran ABŞ-nin diqqət mərkəzində olan əsas ölkələrdən biridir və mərkəzə hakimiyyət prosesləri pozulsa, ABŞ-nin müdaxiləsi real görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az