- Siyasi müzakirə
- 5 Yanvar 22:23
- 5 386
"Tramp taktiki addımlarla ABŞ strategiyasına xidmət edir" - Azad Məsiyev
"Amerikanın bir strategiyası var, dövlət strategiyası mövcuddur. Hakimiyyətdə kim olmasından asılı olmayaraq, istər respublikaçılar, istərsə də demokratlar, bu strategiyaya xidmət etməlidir. Taktiki gedişlərdə fərqli addımlar ola bilər, amma strategiya toxunulmaz qalır. Kimliyindən asılı olmayaraq, hakimiyyətdə olan şəxs bu strategiyaya xidmət etməlidir. Bəli, Tramp da bütün fəaliyyəti ilə Amerika strategiyasına xidmət edir. Baydendən fərqli olaraq, taktiki gedişlərdə fərqli addımlar atır. Hakimiyyətə gələn ilk günlərdən ABŞ özünü sülhsevər bir dövlət kimi göstərmək istəyirdi. Yəni Amerika demokratiyanın, insan haqlarının, həmçinin sülhün və əmin-amanlığın bərqərar olmasını dəstəkləyən bir dövlət kimi təqdim edilirdi. Lakin bu, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Bunun səbəbi odur ki, siyasi hakimiyyətdə olan şəxslərin fəaliyyəti Amerikanın dövlət strategiyasına xidmət edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Venesuelada baş verən hadisələrdən sonra Vaşinqtonun ritorikasının daha da sərtləşməsi, xüsusilə “dinc etirazçılara qarşı zorakılıq” arqumentinin açıq müdaxilə mesajı ilə müşayiət olunması yeni geosiyasi suallar yaradıb. Trampın İran hakimiyyətini birbaşa hədələyən bəyanatı ABŞ-ın yalnız sanksiyalar və diplomatik təzyiqlərlə kifayətlənməyəcəyinə dair narahatlıqları daha da gücləndirib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin strategiyası dünyada xaos yaratmaq və bu xaos fonunda öz maraqlarını həyata keçirməkdən ibarətdir.
"Amerikanın “dərin dövlətinin” ortaya qoyduğu strategiya budur: Amerikanın imperiyasına təhlükə yaradan bütün amirlər aradan qaldırılmalıdır. Amerikanın imperiyasına üç əsas təhlükə mənbəyi var: birincisi Rusiya hərbi gücünə görə, ikincisi Çin iqtisadi gücünə görə, üçüncüsü isə Avropanın maliyyə gücünə görə. Trampın fəaliyyəti məhz bu təhlükə mənbələrini aradan qaldırmaq üçündir; Baydendən fərqli olaraq, taktiki gedişlər dəyişir. Bayden Rusiyanı Ukrayna münaqişəsinə cəlb etdi və bununla da Amerika üçün hərbi təhlükə mənbəyini hədəflədi. Tramp isə Çini hədəfləyir. Çin iqtisadi gücünə görə ABŞ üçün təhlükə mənbəyidir. Trampın fəaliyyəti Çin iqtisadiyyatını zəiflətmək, enerjiyə çıxışını məhdudlaşdırmaq üzərində qurulub. Məsələn, Venesueladakı olan neft ehtiyatları dünyada neft ehtiyatlarının 20%-ni təşkil edir və bu, ABŞ üçün böyük bir strateji önəm daşıyır. Venesuelanın rəhbəri Maduro nefti əsasən Çinə satırdı və dollarla deyil, Çin valyutası ilə ticarət edirdi. ABŞ isə burada hərbi güc tətbiq edərək Venesuelanın neft yataqlarını öz nəzarətinə götürmək niyyətindədir. Bunun bəhanəsi isə narkotiklərlə mübarizədir. ABŞ tarixində belə hallar çox olmuşdur; hətta İraqın işğalı da yalan üzərində qurulmuşdu. O zaman ABŞ Dövlət Katibi BMT tribunasından İraqda kütləvi qırğın silahlarının olduğunu göstərərək ölkəni işğal etdilər. Nəticədə 500 mindən çox insan öldü, Səddam Hüseyn devrildi, sonra isə “yanlış məlumat” bəhanəsi irəli sürüldü. Bu məntiqlə dünya insan haqları, beynəlxalq hüquq və BMT-nin prinsipləri heç bir rol oynamırdı. Eyni ssenari Venesuelada tətbiq olunur: beynəlxalq ictimaiyyəti aldatmaqla yanlış məlumat üzərində hakimiyyət formalaşdırılır, narkotik adı altında dövlət işğal edilir və neft yataqlarına nəzarət əldə olunur. İran da ABŞ-nin hədəfindədir. İran neftinin 60%-i Çinə satılır və ucuz qiymətədir. ABŞ uzun müddətdir ki, Yaxın Şərqdə İranı zəiflətmək və hakimiyyət dəyişikliyi etmək üçün müxtəlif bəhanələr irəli sürür. Sanksiyalar İran iqtisadiyyatını çökdürmək və xalqı üsyana qaldırmaq məqsədini daşıyır ki, nəticədə özlərinə münasib hakimiyyət qurulsun. ABŞ-nin İranda quracağı yeni hakimiyyət üç məqsəd üçün istifadə ediləcək: birincisi, Çinə neft satışını əngəlləmək, çünki Çin ABŞ üçün iqtisadi təhlükədir; ikincisi, Rusiyanın cənub cinahını bağlamaq, çünki Rusiya bu marşrut vasitəsilə Hind Okeanına çıxır və böyük bazarlara çıxış əldə edir; üçüncüsü isə Türkiyədir. İranın yerləşdiyi coğrafiya Türk dövlətlərinin mərkəzindədir və Turan İttifaqının yaranması ABŞ və Qərb tərəfindən istənilmir. Turan İttifaqı yaranarsa, bu, 200 milyon əhalisi və böyük sərvətləri olan yeni bir güc mərkəzi deməkdir ki, ABŞ üçün yeni təhlükə mənbəyidir. Amerikanın gücü tankda, topda və raketdə deyil, dolların dünyadakı üstünlüyündədir. Dünya bazarında dolları qorumaq və dollara alternativ olan valyutaları aradan qaldırmaq ABŞ-nin əsas məqsədidir. Ənənəvi enerji resurslarının üzərindən ticarət, dollara əsaslanan satışlar ABŞ üçün strateji gücdür. Ərəb dövlətlərində demokratiya adı altında dövlət çevrilmələri təşkil edilərək ABŞ-a münasib hakimiyyətlər quruldu və həmin ölkələrdə Amerika şirkətləri neft sahəsində hegemonluq əldə etdi. Venesuelada neft ehtiyatlarının 20%-i ABŞ-nin nəzarətinə keçdi. İranın neft və qaz yataqları da ABŞ üçün strateji əhəmiyyət daşıyır. ABŞ bunları da nəzarət altına alaraq dünya enerji mənbələrini və dolların üstünlüyünü qorumaq niyyətindədir. Keçmişdə Qəddafi ilə Sarkozi arasında razılıq var idi ki, Liviya nefti dollardan imtina edərək avro və qızıl üzərindən satılsın. Bu, ABŞ üçün dövlətinə qarşı çıxmaq demək idi. Nəticədə Qəddafi öldürüldü, Sarkozi həbs olundu. Məqsəd ABŞ-nin dünyada vahid imperiya yaratmaq, güclü mərkəz qurmaq və imperiyaya təhlükə yaradan bütün amilləri aradan qaldırmaqdır. Rusiyanı Ukrayna münaqişəsinə cəlb etməklə ABŞ onun iqtisadi və hərbi gücünü zəiflətmək taktikası işə saldı. Çin isə iqtisadi gücünə görə hədəfdədir. ABŞ Çinə enerji yollarını bağlamaq və neft satışını məhdudlaşdırmaq niyyətindədir. İranın işğalı da bu məqsədə xidmət edir. ABŞ-nin strategiyası ümumilikdə Çinin əl və qolunu bağlamaq, Rusiyanın cənub cinahını məhdudlaşdırmaq və enerji bazarında üstünlüyü təmin etmək üzərində qurulub. Tayvan və digər provokasiyalar da bu strategiyanın bir hissəsidir. Ümumilikdə, Amerikanın strategiyası mövcuddur və ABŞ dünya siyasətini bu strateji məqsədlər üzərində qurur".
Rəfiqə Namazəliyeva,
AzNews.az