- Siyasi müzakirə
- 7 Yanvar 18:03
- 6 191
“Azərbaycan kənar müdaxilələrlə öz milli maraqlarını riskə ata bilməz” – Hikmət Babaoğlu
"Azərbaycan Prezidenti daim real siyasi proseslərdən çıxış edərək praqmatik siyasət həyata keçirib. Məhz bu praqmatizm nəticəsində Azərbaycan həm beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora, həm də qalib ölkəyə çevrilib. Bu baxımdan həm coğrafi mövqe, həm də hərbi-siyasi imkanlar baxımından Qəzzaya bizdən daha yaxın olan ölkələr ilk növbədə bu fəlakət barədə düşünməlidirlər. Çünki problemin real həlli imkanları məhz həmin ölkələrin – xüsusilə də Ərəb Liqasına üzv dövlətlərin əlindədir. Onların zəngin yeraltı resursları, böyük iqtisadi və maliyyə potensialı, eləcə də Qəzza və Fələstinlə coğrafi yaxınlığı var. Düşünürəm ki, Azərbaycan Prezidenti də məhz bu reallığa işarə edib. Biz torpaqlarımızın işğal altında olduğu dövrdə kənardan real yardım görmədik. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istəyən dövlətlərin mövqeyinə şahid olmadıq. Əksinə, bu gün “əzilən” kimi təqdim olunan bəzi coğrafiyalarda ermənipərəst mövqelərin sərgiləndiyini gördük. Hətta Fələstinin bəzi siyasi liderləri erməniləri “əzilən xalq” kimi qiymətləndirərək onların Qarabağda guya haqlarının olduğunu iddia ediblər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dövlət başçısı bildirib ki, Azərbaycanın hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirakı ümumiyyətlə nəzərdə tutulmur. Prezident qeyd edib: "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. Mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.
Deputat qeyd edib ki, təəssüf ki, bu yanaşma bu gün də davam edir.
"Belə bir şəraitdə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, paravozun önünü kəsmək olmaz. Çünki bu məsələdə lokomotiv rolunu məhz Ərəb Liqası və ərəb dünyası oynamalıdır. Azərbaycanın bu prosesə birbaşa müdaxiləsi lokomotivin qarşısına keçmək anlamına gələr ki, bu da nə problemin həllinə töhfə verər, nə də Azərbaycanın milli maraqlarına xidmət edər. Əksinə, bu addım ölkəmizin mənafelərinə zərbə vurmuş olar. Bu mürəkkəb tarixi şəraitdə əsas və həyati məqsədimiz Azərbaycanın təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan nə ərazi, nə iqtisadi, nə də hərbi-siyasi imkanlar baxımından bir çox müsəlman ölkələri ilə müqayisədə böyük dövlət deyil. Üstəlik, atılan addımların adekvat qarşılığını hər zaman görmədiyimiz də reallıqdır. Ona görə də səsləndirilən bu mövqelər Azərbaycanın milli maraqlarını, dövlətçiliyinin təhlükəsizliyini və davamlı inkişafını ön plana çəkən, strateji baxımdan olduqca vacib fikirlərdir. Gələcək xarici siyasətə gəldikdə isə Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın xarici siyasət prioritetlərini açıq şəkildə ifadə edib. Dövlət başçısı vurğulayıb ki, türk dünyası bizim ailəmizdir və Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya və inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Eyni zamanda, Çindən başlayaraq Avropaya qədər dünyanın istənilən ölkəsi ilə maraqlarımız uzlaşdığı, milli məqsədlərimizə xidmət edən elementlər əldə etmək mümkün olduğu təqdirdə, həmin ölkələrlə əməkdaşlıq etmək Azərbaycanın xarici siyasətinin əsas xəttini təşkil edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az