Zəngəzur dəhlizi regional inteqrasiyaya real töhfə verəcək” – Mübariz Göyüşlü

"Zəngəzur dəhlizi çox önəmli və strateji əhəmiyyətli bir layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli nəqliyyat, transit, iqtisadiyyat və ticarət planlarını həyata keçirə biləcək potensiala malik nəhəng bir prosesdir. Bu dəhliz strateji boşluğu doldurur. Zəngəzur dəhlizi ölkənin nəqliyyat imkanlarını genişləndirir və eyni zamanda Şərq ilə Qərb arasında mühüm körpü funksiyasını yerinə yetirir.

Bu, həm daxili, həm də beynəlxalq daşımalar üçün daha qısa və ucuz bir tranzit yoludur. Cənab Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin 15 milyon ton yük daşıma qabiliyyəti onun yalnız daxili daşımalar üçün deyil, beynəlxalq tranzitdə də etibarlı və səmərəli bir yol olduğunu göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, son illər Azərbaycanda aparılan genişmiqyaslı nəqliyyat islahatları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Xüsusilə Zəngəzur dəhlizi ölkənin strateji nəqliyyat layihələri arasında xüsusi önəm daşıyır və regional tranzit potensialını gücləndirir. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi yaxın vaxtlarda hazır olacaq. Dəmir yolunun fiziki hazırlığı 70%, avtomobil yolunun isə 95%-dir. Ermənistan ərazisində isə 42 km yol inşa edilməlidir. Yol tam istifadəyə verildikdə, onun yükötürmə qabiliyyəti 15 milyon tona çatacaq və Şərq-Qərb, Şərq-Cənub, həmçinin Şimal-Cənub marşrutlarının bir qolunu təşkil edəcək. Layihə yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistanın iqtisadi inkişafına və regional inteqrasiyaya da töhfə verəcək.

Siyasi şərhçi bildirib ki, dəhliz Türkiyə ilə Azərbaycanı birləşdirərək Orta Dəhlizin formalaşmasına və güclənməsinə böyük töhfə verəcək.

"Bu, həm Şimal-Cənub nəqliyyat dəhlizinə yeni imkanlar qazandıracaq, həm də yalnız Azərbaycan üçün deyil, qonşu ölkələr və region üçün böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi iqtisadi, siyasi, regional inkişaf və geosiyasi baxımdan çox faydalıdır. İstifadəyə verildikdən sonra onun bütün bu müsbət tərəflərini müşahidə etmək mümkün olacaq. Eyni zamanda, şimal və cənub istiqamətində digər nəqliyyat dəhlizlərində tranzit, yük və ticarət həcmlərinin artırılmasına da dəstək verəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az