​“Venesuela ilə bağlı proses açıq güc mübarizəsi müstəvisində davam edir” – Əli Mustafayev

"Təbii ki, bu gün ABŞ ilə Venesuela arasında mövcud olan gərginlik yalnız “Cartel de los Soles” məsələsi ilə bağlı deyil. Doğrudur, rəsmi ittihamlar məhz bu məsələ üzərindən irəli sürülür. ABŞ hesab edir ki, Venesuela prezidenti bu kartelin başçısıdır və həmin şəbəkə ABŞ-yə narkotik maddələrin daşınmasında iştirak edir. Formal olaraq belə bir ittiham mövcuddur. Lakin bu ittihamların doğru olub-olmamasını sübut etmək kifayət qədər çətindir. Maduro tərəfinin vəkilləri bunun uydurma olduğunu, belə bir kartelin mövcud olmadığını iddia edəcəklər. ABŞ isə əksinə, ittihamların real əsaslara söykəndiyini, əlində sübut və dəlillərin olduğunu bildirəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, ABŞ-də Venesuela Prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamların hüquqi əsasları ətrafında yeni müzakirələr başlayıb. Rəsmi sənədlərdə yer alan ‘Cartel de los Soles’ ifadəsinin real və institusional cinayət karteli deyil, ABŞ hüquq-mühafizə orqanlarında istifadə olunan daxili termin olduğu bildirilir. Bu məqam ittiham prosesinin legitimliyi və onun beynəlxalq hüquqa uyğunluğu ilə bağlı sualları yenidən gündəmə gətirib.

Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən sözügedən məsələ uzun müddətdir mübahisə doğurur və qısa zamanda həll olunacaq mövzu deyil.

"Bu, elə bir vəziyyətdir ki, nə ABŞ geri addım atacaq, nə də Venesuela tərəfi ittihamları qəbul edib taleyi ilə barışacaq. Ona görə də məsələ açıq qalır. Əslində isə ABŞ və Venesuela arasındakı problem daha dərindir və sırf hüquqi çərçivə ilə izah olunmur. Burada əsas məsələ geosiyasi maraqlardır. ABŞ yaxın vaxtlarda öz milli təhlükəsizlik strategiyasını açıqlayıb. Bildirilir ki, sənədin tam mətni ictimaiyyətə təqdim olunmayıb və məxfi hissələri də mövcuddur. Bu strategiyada ABŞ-nin əsas hədəflərindən biri Amerika qitəsində mövqelərini möhkəmləndirmək, Cənubi Amerikadan Rusiya və Çin kimi rəqib gücləri sıxışdırıb çıxarmaqdır. Məlumdur ki, Venesuelada həm Rusiyanın, həm də Çinin ciddi təsiri var. Venesuela neftinin böyük hissəsini Çin alır, ölkənin hərbi strukturlarında isə Rusiya və Kubanın təsiri hiss olunur. ABŞ-nin birbaşa yaxınlığında ona rəqib olan güclərin bu şəkildə möhkəmlənməsi Vaşinqton üçün ciddi təhlükə hesab olunur. Bu baxımdan Maduronun həbsi ilə bağlı çağırışların arxasında əsas məqsəd bu təsiri zəiflətmək və Cənubi Amerikanı daha sıx şəkildə ABŞ-nin təsir dairəsinə qaytarmaqdır. Narkotik ittihamları isə bu siyasət üçün hüquqi əsas rolunu oynayır. Baş verənlər yeni dünya düzəni uğrunda mübarizənin tərkib hissəsidir. ABŞ hesab edir ki, Qərb yarımkürəsi onun təsir zonasında qalmalıdır. Bu səbəbdən də beynəlxalq hüquq məsələləri arxa plana keçir, proses açıq güc mübarizəsi müstəvisində davam edir. Hansı tərəf güclüdürsə, oyunun qaydalarını da o müəyyən edir. Görünən odur ki, hazırkı mərhələdə diplomatik müstəvidə ciddi qarşıdurma gözlənilmir. ABŞ rəsmilərinin də açıqlamalarına əsasən, bundan sonrakı mərhələdə Venesuela ilə bağlı daha sərt addımlar və hərbi ssenarilər gündəmə gələ bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az