- Siyasi müzakirə
- 9 Yanvar 18:53
- 4 611
Enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq - Deputat
Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində yeni və strateji bir mərhələnin başlanğıcıdır. Bu mötəbər hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti gələcəyə hesablanmış, dayanıqlı və məsuliyyətli inkişaf yolunu qətiyyətlə davam etdirir.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib.
Deputat bildirib ki, 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyinin möhkəmlənməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrinin genişlənməsi və iqtisadi dayanıqlığın təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşünülmüş strateji baxışının real nəticəsidir.
Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji sisteminin son 20 ildə demək olar ki, tam yenilənməsi, generasiya güclərinin üç dəfə artaraq təxminən 10 min meqavata çatması tarixi nailiyyətdir. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkəmizi regionun aparıcı enerji mərkəzinə çevirir. Bu gün külək, günəş və su elektrik stansiyalarının ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə inşa edilməsi milli gücümüzün və suveren inkişaf modelimizin bariz nümunəsidir.
Deputat bildirib ki, xarici investorların, xüsusilə “ACWA Power” və “Power China” kimi nüfuzlu şirkətlərin Azərbaycana olan inamı ölkəmizdə mövcud olan güclü investisiya iqliminin, hüquqi sabitliyin və dövlətin verdiyi zəmanətlərin nəticəsidir.
Eyni zamanda, batareya enerji saxlanma sistemlərinin yaradılması, 2030–2032-ci illərə qədər 8 giqavatlıq yeni bərpaolunan enerji güclərinin planlaşdırılması Azərbaycan həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir. Bu siyasət ölkəmizi süni intellekt və yüksək enerji tutumlu texnoloji sahələr üçün də cəlbedici məkana çevirir.
Azərbaycan bu gün maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi, yüksək valyuta ehtiyatları və artan kredit reytinqi ilə dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Beş ildir sülh şəraitində yaşayan, genişmiqyaslı quruculuq işləri aparan ölkəmiz regionda sabitliyin və inkişafın əsas dayaqlarından biridir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur. Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl və milli maraqlara əsaslanan enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq, ölkəmizi enerji təhlükəsizliyi və yaşıl inkişaf sahəsində nümunəvi dövlətə çevirəcəkdir.
AzNews.az