“ABŞ Ukraynada Venesuela ssenarisini təkrarlamayacaq” - Kənan Novruzov

"Əslində, bu ehtimalda müəyyən həqiqət və proqnoz elementi var. Çünki Maduronun başına gələnlərdən sonra bir daha aydın oldu ki, beynəlxalq hüquq anlayışı faktiki olaraq işləmir. Birincisi, ABŞ-nin qarşısında real müqavimət göstərə biləcək güc yoxdur. Rusiya və Çin bu proseslərdə səssiz qaldı, Avropa isə ABŞ-a qarşı duracaq gücdə deyil. İkincisi, ABŞ-nin bir çox ölkədə müxtəlif əməliyyatlar aparmaq və geniş kəşfiyyat imkanlarına malik olmaq potensialı var. Bu şərtlər daxilində nəzəri baxımdan ABŞ-nin oxşar ssenarini sabah Ukraynada da təkrarlaması mümkündür. Lakin burada əsas siyasi sual yaranır: ABŞ bunu doğrudanmı istəyir? Təsəvvür edək ki, ABŞ Zelenskini hakimiyyətdən uzaqlaşdırır və onu başqa bir şəxslə əvəz edir. Bu halda nə baş verəcək? Məncə, indiki mərhələdə ABŞ Ukraynada Venesuelaya bənzər ssenarini həyata keçirmək niyyətində deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, qlobal siyasətdə liderlərin taleyi və böyük güclərin onlara münasibəti yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı səslənən iddialar fonunda oxşar ssenarinin Ukrayna prezidenti Volodimir Zelenski üçün də mümkün olub-olmaması sual doğurur.

Siyasi şərhçi qeyd edib ki, dünyada ABŞ-a münasibət artıq dəyişməkdədir.

"Xatırladaq ki, Tramp hakimiyyətə gələndə müharibələri bitirəcəyini, dünyaya rifah gətirəcəyini bəyan edirdi. Lakin reallıqda Tramp administrasiyasının addımları qlobal sabitliyi daha da sarsıdır. Nəticədə Trampın reytinqi və ona qarşı ictimai rəy də dəyişir. Tramp bu prosesləri anlamayacaq qədər təcrübəsiz siyasətçi deyil və buna görə də tələskən davranmayacaq. Digər tərəfdən, Ukrayna Venesuela deyil. Bu ölkə Avropa üçün strateji baxımdan olduqca vacibdir və faktiki olaraq Avropanın özüdür. Avropanın mərkəzində, qısa müddət ərzində Zelenskini devirib başqa bir şəxsi hakimiyyətə gətirmək Avropaya açıq meydan oxumaq deməkdir. Bu isə Avropa ilə münasibətlərin kəskinləşməsinə, hətta ciddi siyasi qarşıdurmaya səbəb ola bilər. Nəzəri baxımdan mümkün olsa da, praktik baxımdan hələ tezdir. Daha çox tərəfləri danışıqlara cəlb etməyə, kompromis əldə etməyə çalışacaqlar. Sonrakı mərhələdə müəyyən təzyiqlər, məhdudlaşdırıcı addımlar ola bilər. Əgər danışıqlar nəticəsində sülh əldə olunarsa, bu halda Zelenskinin hakimiyyətdən getməsi ehtimalı yaranacaq. Bu, bu və ya digər yolla baş verə bilər. Hərçənd nəzəri olaraq sülhdən əvvəl də Zelenskinin devrilməsi, hətta aradan götürülməsi kimi ssenarilər mümkündür. Lakin məncə, ABŞ Ukraynada Venesuela ssenarisini təkrarlamayacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az