- Siyasi müzakirə
- 12 Yanvar 21:56
- 2 603
“Tehran Vaşinqtonla gərginliyi yumşaltmağa çalışır” - Oqtay Qasımov
"Əlbəttə ki, İran rejimi hazırda ABŞ ilə açıq qarşıdurmaya getməkdənsə, dialoq yolunu seçərək vəziyyəti nisbətən yumşaltmağa çalışır. Nəzərə alsaq ki, etiraz aksiyaları davam etdiyi müddətdə ABŞ vaxtaşırı İran rejiminə xəbərdarlıq edərək aksiyalara qarşı zorakılıq tətbiq etməməyi tələb edib. İran rejimi də bu aksiyalar nəticəsində kifayət qədər zərbə alıb və hazırda daha çox ölkə daxilində vəziyyəti sabitləşdirməyə diqqət yetirir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün görüşə hazırlıq aparıldığını açıqlayıb. O bildirib ki, hərbi əməliyyat təhdidlərindən sonra İran tərəfi danışıqlara hazırdır: "İran liderləri bizimlə əlaqə saxlayıblar, görüş planlaşdırılır. Lakin ABŞ görüş baş tutmamışdan əvvəl müəyyən addımlar ata bilər”.
Siyasi şərhçi qeyd edib ki, məhz bu səbəbdən İranın ABŞ ilə dialoq təşəbbüsü anlaşılandır.
"Prinsip etibarilə bu danışıqlar ona hesablanıb ki, ABŞ etirazlara aktiv şəkildə dəstək verməsin. ABŞ isə öz növbəsində bu təzyiqlər vasitəsilə İrandan müəyyən güzəştlər almağa və öz şərtlərini qəbul etdirməyə ümid edir. Bu baxımdan düşünürəm ki, sözügedən dialoq əslində hər iki tərəfin maraqlarına uyğundur, həm İrandakı mövcud rejimin, həm də ABŞ-nin. Belə ki, bu danışıqlarda çox güman, İran tərəfi ABŞ-nin tələblərinin hamısını olmasa da, əhəmiyyətli bir hissəsini qəbul edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az