“İranda kütləvi etirazlar daha təşkilatlanmış xarakter alıb” - Aytən Qurbanova

"Son zamanlarda İranda müşahidə olunan kütləvi etiraz aksiyaları həm miqyasına, həm də əhatəsinə görə əvvəlki illərdə baş vermiş sosial narazılıqlardan əsaslı şəkildə fərqlənir. Aksiyaların ölkənin müxtəlif bölgələrində eyni vaxtda baş verməsi, informasiya mühitində sürətli mobilizasiya ilə müşayiət olunması və prosesin qısa müddətli deyil, davamlı xarakter alması göstərir ki, mövcud vəziyyət yalnız sosial-iqtisadi problemlərin ani nəticəsi deyil. Bu hadisələr daha geniş siyasi və geosiyasi çərçivədə qiymətləndirilməli olan çoxşaxəli proseslərin tərkib hissəsidir. Şübhəsiz ki, uzun illərdir davam edən beynəlxalq sanksiyalar, iqtisadi idarəetmədə sistemli problemlər, yüksək inflyasiya, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və sosial ədalətsizlik İran cəmiyyətində narazılıq üçün ciddi zəmin yaradıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, İranda baş verən kütləvi etiraz aksiyaları ölkədə mövcud siyasi sistemin legitimliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə sosial-iqtisadi problemlər, siyasi azadlıqların məhdudlaşdırılması, qadın hüquqları və etnik-dini ayrı-seçkilik cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq yaradıb.

Siyasi şərhçi qeyd edib ki, mövcud etirazlar əvvəlki dövrlərlə müqayisədə daha təşkilatlanmış və ideoloji xarakter daşıyır.

"Bu isə daxili faktorlarla yanaşı, xarici siyasi təzyiq alətlərinin də proseslərə dolayı şəkildə təsir göstərdiyini istisna etmir. Hadisələrin inkişaf dinamikası İran hakimiyyəti üçün əsas təhlükənin aksiyaların nəzarətdən çıxaraq siyasi legitimlik böhranına çevrilməsi riskini göstərir. Bununla belə, dövlətin sərt təhlükəsizlik strukturları, mərkəzləşdirilmiş idarəetmə mexanizmləri və institusional resursları qısa müddətdə rejimin dağılması ehtimalını xeyli zəiflədir. Ancaq etirazların uzanması cəmiyyət daxilində gərginliyi artırmaqla yanaşı, sosial qütbləşməni dərinləşdirə və sabitlik üçün ciddi risklər yarada bilər. Digər tərəfdən, İranda baş verən daxili proseslərin xarici aktorlar tərəfindən geosiyasi təzyiq mexanizmi kimi dəyərləndirilməsi ehtimalı da nəzərdən kənarda qala bilməz. ABŞ və İsrailin İranın nüvə proqramı ilə bağlı sərt mövqeyi fonunda daxili sabitliyin zəifləməsi regional strateji balansda təsir alətinə çevrilə bilər. Lakin nəzərə almaq lazımdır ki, İran kimi mürəkkəb etnik, dini və siyasi struktura malik ölkədə nəzarətsiz siyasi transformasiya region üçün uzunmüddətli qeyri-sabitlik və təhlükəsizlik boşluqları yarada bilər. Nəticə etibarilə, etirazlar fonunda mövcud siyasi sistemin tam legitimliyini itirdiyini söyləmək doğru yanaşma hesab edilə bilməz. İran İslam Respublikasının hakimiyyət modeli hələ də dini-ideoloji baza, inqilab irsindən qaynaqlanan legitimlik və xarici təhdidlər fonunda formalaşmış təhlükəsizlik diskursu üzərində dayanır. Lakin zaman keçdikcə bu dayaqların cəmiyyətin geniş təbəqələri, xüsusilə də gənc nəsil üçün əvvəlki təsir gücünü itirdiyi açıq şəkildə müşahidə olunur. Ona görə də, İranda baş verən kütləvi etirazlar siyasi sistemin dərhal süqutundan daha çox onun legitimlik resurslarının tədricən zəiflədilməsini hədəfləyə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az