“Erməni kilsəsi siyasətə və hakimiyyətə nəzarət edir” - Azad Məsiyev

"Ermənistanda kilsə dövlət içində bir dövlətdir. Kilsə həm iqtisadi, həm siyasi, həm də hərbi gücə malik bir qurumdur və Ermənistan dövləti yaradılmadan əvvəl erməni cəmiyyətini idarə edən əsas institut olub. Erməni millətçilərinin ideoloji bazası kilsə üzərində qurulub və kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, dövlət siyasəti kilsənin ideoloji təsiri əsasında həyata keçirilir. Kilsə uzun müddətdir ki, erməni cəmiyyətində söz sahibidir və onun razılığı olmadan hakimiyyətə gəlmək real olmayıb. Paşiyanın hakimiyyətə gəlməsi ilə kilsə arasında ciddi fikir ayrılığı yaranıb. Paşiyan ABŞ-nin himayəsi altında hakimiyyətə gəlib və siyasətini ABŞ-nin maraqlarına uyğun aparır. Kilsənin əsas himayədarları isə Rusiya tərəfindən təmin olunur və bu, erməni cəmiyyətində qarşıdurma və fikir ayrılığı yaradıb. Kilsə həm də erməni diasporasını birləşdirən mərkəz rolunu oynayır, xaricdəki erməni diasporası ilə müntəzəm əlaqədədir və onları tənzimləyən institutdur. Paşiyanın hakimiyyətə gəlməsi ilə erməni diasporası arasında fikir ayrılığı daha da dərinləşib, çünki Ermənistanın içində baş verən proseslər lobbilər arasında qarşıdurmaya səbəb olub: Qərb Qanadı (ABŞ) və Rusiya Qanadı arasında ciddi fikir fərqləri mövcuddur. Kilsə, ideoloji baxımdan, erməni cəmiyyətinin əsas sütunudur və “dənizdən dənizə böyük Ermənistan” ideyası hələ də erməni cəmiyyətində yaşayır, kilsə tərəfindən tənzimlənir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Nikol Paşinyanın hər bazar günü kilsə mərasimlərində iştirak edəcəyini elan etməsi Ermənistan siyasətində yeni dini və ideoloji müzakirələri alovlandırıb. Bu açıqlama həm onun şəxsi imanını diqqət mərkəzinə gətirir, həm də siyasi strategiyası və seçici kütlə ilə münasibətləri barədə fikir formalaşdırır. Analitiklər bildirirlər ki, bu addım Paşinyanın ictimai nüfuzunu gücləndirmək və seçicilərin dini dəyərlərinə ünvanlanmış mesaj ötürmək məqsədi daşıyır. Bundan əlavə, Paşinyanın dini mərasimlərə qatılması ölkə kilsəsi ilə hökumət arasında potensial ziddiyyətlərin yaranması riskini də artırır. Onun bu addımı yalnız şəxsi inam məsələsi deyil, eyni zamanda Ermənistanın siyasi və sosial həyatına təsir göstərə biləcək önəmli bir hərəkətdir.

Siyasi şərhçi qeyd edib ki, Paşiyan 44 günlük müharibədən sonra reallığı qəbul etməyə məcburdur və Ermənistanın gələcək taleyi, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlər baxımından siyasətini buna uyğun formalaşdırmalıdır.

"Bu səbəbdən Paşiyan hakimiyyətdə qalmaq və siyasi mövqeyini möhkəmlətmək üçün kilsənin gücünü zəiflətmək və onu dövlətin nəzarəti altına almaq istəyir. Kilsə öz təsirini saxlamaq və erməni cəmiyyətinə ideoloji nüfuzunu göstərmək üçün fəaliyyət göstərir. Əgər Paşiyan kilsəni ram edə bilməsə, kilsə iqtisadi, siyasi və hərbi gücünü istifadə edərək onun hakimiyyətinə qarşı çıxa bilər. Paşiyan bunu yaxşı anlayır və həm siyasi hakimiyyətini, həm də şəxsi təhlükəsizliyini qorumaq üçün kilsəni neytrallaşdırmağa çalışır. Onun kilisəyə qarşı radikal addımları əsasən ABŞ-nin verdiyi təlimatlar çərçivəsində həyata keçirilir. Ermənistanda siyasi hakimiyyətini qorumaq və gələcək taleyini təmin etmək məqsədilə Paşiyan çalışır ki, kilsənin təsirini dövlətdən asılı vəziyyətə gətirsin. Ermənistan ciddi bir taledum içindədir. Ölkə müstəqil və suveren bir dövlət olaraq gələcəkdə yaşamaq istəyirsə, qonşularla münasibətlərini normallaşdırmalıdır. Lakin kilsənin apardığı siyasət və radikal qüvvələri himayəsi hələ də “böyük Ermənistan” xəyallarının erməni cəmiyyətində yaşadığını göstərir. Son vaxtlar erməni cəmiyyətində Azərbaycana qarşı radikal mövqelərin davam etməsi bunu bir daha sübut edir. Kilsənin avanturi siyasəti və radikal ideologiyanı dəstəkləməsi erməni xalqını dalana dirəyə və beynəlxalq izolyasiyaya sürükləyə bilər. Ermənistanın gələcək taleyi qonşularla dinc yanaşı yaşama prinsipinə bağlıdır, lakin kilsənin apardığı siyasət və radikal yanaşmalar ölkənin inkişafına və təhlükəsizliyinə ciddi təhdid yaradır. Paşiyan gələcək parlament seçkilərində qələbə qazanmaq və siyasi hakimiyyətini qorumaq üçün kilsənin təsirini neytrallaşdırmaq və onu dövlətdən asılı vəziyyətə gətirmək niyyətindədir. Əgər bu baş verməsə, kilsə öz iqtisadi, siyasi və hərbi gücündən istifadə edərək Paşiyanı devirmək potensialına malikdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az