“Vaşinqtonun məqsədi rejimi devirmək deyil” - Həşim Səhrablı

"ABŞ-nin İrana mümkün zərbələr endirməsi ehtimalının nə qədər real olub-olmamasını cavablandırmaq üçün bir incə məqam var ki, onu nəzərə aldıqda suala tam mənada cavab vermək mümkündür. Bu incə məqam nədən ibarətdir? Belə qənaətə gəlmək olar ki, ABŞ İrandakı rejimin devrilməsini və ya başqa sözlə desək, İranda hakimiyyət dəyişikliyini, eləcə də ölkənin parçalanmasını istəmir. ABŞ-nin istədiyi əsas məsələ fərqlidir: mövcud rejimin öz siyasi kursunu dəyişməsidir. Yəni İranda mövcud olan neft ehtiyatları və digər zənginliklərin Rusiya və xüsusən də Çin tərəfindən ABŞ və Qərbin maraqlarına zidd şəkildə istifadə edilməsinin qarşısının alınmasıdır. Məhz bu məqam ABŞ-nin strateji maraqları ilə ziddiyyət təşkil edir. ABŞ-nin molla rejimindən istədiyi də məhz budur. Başqa sözlə, “siyasi xəttinizi dəyişin, bizə tabe olun, tələblərimizi yerinə yetirin, ondan sonra isə hakimiyyətdə qalmağınız bizim üçün problem deyil” mesajı verilir. Yəni ABŞ əslində rejim dəyişikliyinin tərəfdarı deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər görüş zamanı İranda baş verən kütləvi iğtişaşlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə ssenarilərini və koordinasiya məsələlərini müzakirə ediblər. Bazar ertəsi keçirilən təmasda Rubio və Netanyahu ABŞ-nin İrana birbaşa müdaxilə ehtimalını da müzakirə mövzusuna çeviriblər.

Siyasi şərhçi qeyd edib ki, əgər rejim dəyişərsə, İran kimi strateji və eyni zamanda siyasi strukturu olduqca mürəkkəb olan bir ölkədə bundan sonra hansı proseslərin baş verəcəyini hesablamaq mümkün deyil.

"Bunu heç kim dəqiq proqnozlaşdıra bilməz. İranda müxtəlif millətlər, fərqli güc qrupları mövcuddur və bu, böyük dövlətlər üçün müdaxilə imkanlarını genişləndirən bir reallıqdır. Bu baxımdan coğrafiya amili də son dərəcə önəmlidir. Ona görə də ABŞ hazırda İrandan yalnız bir şey istəyir: maksimum təzyiq vasitələri ilə mövcud rejimi öz maraqlarına tabe etdirmək. Əgər İran rejimi sabah ABŞ-nin bütün şərtlərini qəbul edərsə, inanın ki, Qərb mediası, xüsusilə də Amerika mediası molla rejiminin legitimliyindən danışacaq, onu dəstəkləyəcək və mövqeyini dəyişəcək. Bu səbəbdən ABŞ-nin İrana zərbə endirib-endirməyəcəyi sualına məhz bu reallıqları nəzərə alaraq cavab vermək lazımdır. Əgər molla rejimi israrla ABŞ-nin şərtlərindən yayınar, Çinin və Rusiyanın maraqlarına uyğun siyasət yürütməyə davam edərsə, bəli, müəyyən bir mərhələdə ABŞ-nin səbrinin tükənməsi və rejimi ram etməyin mümkünsüzlüyü ilə bağlı qənaətin formalaşması fonunda zərbə ehtimalı gündəmə gələ bilər. Amma hazırkı mərhələdə ABŞ hələ də maksimum təzyiq rıçaqlarından istifadə etməklə molla rejimini öz tərəfinə çəkməyə çalışır. Çünki qeyd etdiyimiz kimi, İranda rejim dəyişikliyi və ya ölkənin parçalanması ABŞ-nin maraqlarına uyğun deyil. İsrailin mövcud vəziyyətdən istifadə edərək İrana hücum etməsi ehtimalına gəlincə, burada da xüsusi bir məqamı vurğulamaq lazımdır. İsrail təkbaşına İranla genişmiqyaslı mübarizə aparmaq potensialına malik deyil. Regional reallıqlar buna imkan vermir. Çünki İran proksi qüvvələr vasitəsilə İsrailə qarşı hücumları aktivləşdirərsə, bu, İsrail üçün ciddi təhlükə və uzunmüddətli problemə çevrilə bilər. Digər tərəfdən, son 12 illik müharibə təcrübəsindən sonra İsrail tərəfi də müxtəlif mənbələr vasitəsilə etiraf etmiş oldu ki, İranın hərbi-texniki potensialı əvvəl düşünüldüyündən daha güclüdür. Xüsusilə uzaq və orta mənzilli raket imkanları lazımi səviyyədə qiymətləndirilməmişdi. Hətta İranın hələ tam istifadə etmədiyi raket arsenalına baxmayaraq, Hayfa limanı kimi strateji obyektlər, eləcə də digər infrastruktur və rəsmi binalar zərbələrə məruz qalıb. Bu səbəbdən İsrail tərəfi çox yaxşı anlayır ki, ABŞ addım atmadan onun təkbaşına hərəkətə keçməsi İrana müəyyən zərbələr vurmaq imkanı yaratsa da, eyni zamanda İranın hərbi-texniki potensialından istifadə edərək İsrailə daha ağır zərbələr endirməsi riskini də artırır. Məhz bu reallıq nəzərə alınmalıdır. Ona görə də İsrail birinci addımı atacaqsa, bu, yalnız ABŞ-nin dəstəyi ilə mümkün olacaq. Əks halda, İsrail İrana qarşı daha fərqli metodlar seçəcək və xarici siyasətini buna uyğun şəkildə formalaşdıracaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az