“Ermənistan Aİ üzvlüyü üçün Rusiya faktorunu aşmağa çalışır” – Mübariz Göyüşlü

"Ermənistan ümumiyyətlə Avropa İttifaqına üzv olmaq üçün ciddi çalışmalar aparır və bu istiqamətdə fəaliyyətini davamlı və çoxciddi şəkildə həyata keçirir. Əsas maneələrdən biri Rusiya faktorudur. Əgər Ermənistan Rusiya təsirindən qismən də olsa qurtula bilsə, Avropa İttifaqına üzvlük mümkündür. Bu məqsədlə Ermənistan müxtəlif çalışmalara da başlayıb. Avropa İttifaqının irəli sürdüyü tələblər və şərtlər Ermənistan tərəfindən ödənməyə çalışılır. Hətta bu prosesdə İranla münasibətlərdə yaranan gərginliklərdən də çəkinmir. Məsələn, TRİPP marşrutu ilə bağlı İran rəhbərliyi layihəyə etirazını bildirib, lakin Ermənistan bu təşəbbüsü irəlilətməkdə maraqlıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Ermənistan Avropa İttifaqına inteqrasiya etməyə çalışır və eyni zamanda, iki inteqrasiya ittifaqında paralel üzvlüyün mümkün olmaması halında, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünün taleyi ilə bağlı qərar verəcəyini açıqlayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı təhlükəsizlik forumunda danışıb.

Siyasi şərhçi bildirib ki, Ermənistan Avropa İttifaqına yönələn fəaliyyətlərdə Rusiya ilə bağlı məsələlərdə geri çəkilmir və bu fəaliyyətlər anti-Rusiya xarakteri daşıyır.

"Eyni zamanda, İran əleyhinə addımlar da atılır və Ermənistanın bu məsələdə aktiv rol oynayacağı gözlənilir. Bütün bunlar göstərir ki, Ermənistan Avropa İttifaqının tələblərini yerinə yetirməyə çalışır və bu proses çox da uzanmayacaq. Əlbəttə, gözlənilməz hallar, məsələn, Rusiya tərəfindən müdaxilə və ya Paşinyanın həyatına təhlükə kimi faktorlar prosesi yarımçıq qoya bilər. Lakin ümumi formatda proses davam edərsə, Ermənistan Avropa İttifaqına üzvlük prosesini həyata keçirə bilər. 2026-cı il parlament seçkiləri bu prosesi sürətləndirə bilər. Paşinyanın qalib gəlməsi ehtimalı yüksək görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az