“Vaşinqton Tehranı beynəlxalq təzyiq altında saxlamaq niyyətindədir” - Aytən Qurbanova

"ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Ayətullah Əli Xamneyinin hakimiyyətinin sona çatmasının zəruriliyi ilə bağlı səsləndirdiyi son bəyanat rəsmi Vaşinqtonun İran siyasətində yeni ritorikanın və mərhələnin başlandığını açıq şəkildə nümayiş etdirir. Trampın “İrana yeni rəhbər axtarmağın vaxtıdır” ifadəsi təsadüfi və emosional çıxışdan daha çox, dərin siyasi-strateji məna daşıyan məqsədli mesaj kimi qiymətləndirilə bilər. Belə ki, ABŞ Prezidenti çıxışında Ayətullah Xamneyini İranın mövcud sosial-iqtisadi və siyasi böhranının əsas məsul şəxsi kimi təqdim edib. O, ölkədə uzun müddətdir davam edən kütləvi etirazların zorakılıqla yatırılmasını, iqtisadi geriləməni və artan ictimai narazılığı birbaşa ali rəhbərliyin siyasəti ilə əlaqələndirib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən bəyanat verərək ölkənin hazırkı ali lideri Ayətullah Əli Xameneinin hakimiyyətinə son qoyulmasının vacibliyini vurğulayıb və İrana yeni rəhbər axtarmağın vaxtı olduğunu bildirib. Tramp çıxışında Xameneini ölkədə uzun müddət davam edən kütləvi etirazlar və zorakılıqlara görə məsuliyyət daşımaqda ittiham edib və sərt tənqidlər səsləndirib.

Siyasi şərhçi qeyd edib ki, bu yanaşma göstərir ki, Tramp administrasiyasının tənqidlərinin hədəfi yalnız konkret siyasi fiqur deyil, bütövlükdə İran İslam Respublikasının ideoloji-siyasi idarəetmə modelidir.

"Bu baxımdan rəsmi Vaşinqtonun mesajı kifayət qədər aydındır: mövcud ali dini rəhbərlik İran cəmiyyətinin dəyişən gözləntilərinə və çağırışlarına cavab vermək qabiliyyətində deyil. Digər tərəfdən, “yeni rəhbər axtarmağın vaxtıdır” ifadəsi zahirən rejim dəyişikliyinə çağırış təsiri bağışlasa da, daha çox siyasi təzyiq mexanizmi kimi dəyərləndirilə bilər. Trampın bu bəyanatları eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj xarakteri daşıyır. Rəsmi Vaşinqton İranın mövcud siyasi rəhbərliyinin regional sabitliyə təhdid yaratdığını ön plana çıxararaq, onun dəyişməsinin Orta Şərqdə təhlükəsizlik baxımından “zəruri” olduğunu beynəlxalq gündəmdə legitimləşdirməyə çalışır. Bununla yanaşı, ABŞ Prezidentinin açıqlamaları Vaşinqtonun İranla mümkün dialoq perspektivlərinə şərti yanaşmasını da açıq şəkildə ortaya qoyur. Trampın ritorikasından aydın görünür ki, mövcud rejim davam etdiyi müddətcə ABŞ–İran münasibətlərində normallaşma real hesab edilmir. Bu isə sanksiyaların davam etdiriləcəyi, diplomatik təcrid siyasətinin saxlanılacağı və beynəlxalq təzyiqlərin artırılacağına dair açıq mesaj kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Donald Trampın “İrana yeni rəhbər axtarmağın vaxtıdır” fikri rəsmi Vaşinqtonun Tehranla münasibətlərdə kompromisdən daha çox təzyiq strategiyasına üstünlük verdiyini nümayiş etdirir. Bu yanaşma isə İran ətrafında həm daxili, həm də beynəlxalq səviyyədə gərginliyin artmaqda davam edəcəyi ehtimalını daha da gücləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az