- Siyasi müzakirə
- 14:32
- 2 506
“Moskva və Pekinin dəstəyi ABŞ-ni hərbi eskalasiyadan çəkindirir” – Rəşad Bayramov
"Vladimir Putin və Si Cinpinin videokonfrans formatında İran ətrafındakı gərginliyi müzakirə etməsi ABŞ–İran qarşıdurmasında beynəlxalq güc balansının nə dərəcədə dəyişdiyini göstərən əhəmiyyətli bir siqnaldır. Moskva və Pekinin İranın mövqeyini haqlı hesab etməsi yalnız diplomatik dəstəkdən ibarət deyil. Həm Rusiya, həm də Çin düşünür ki, bu dəstək ABŞ-nin hərbi və siyasi qərarlarına təsir edə bilər. Odur ki, Rusiya və Çin tərəfindən verilən dəstəyin ABŞ üçün hesablanmış ehtiyat tədbiri rolunu oynadığını deyə bilərik. ABŞ bir tərəfdən İranın nüvə proqramına görə və regiondakı fəaliyyəti ilə bağlı narahatdır, digər tərəfdən isə İrana olan Rusiya və Çin dəstəyindən narahatlıq keçirir. Nəticədə Moskva və Pekinin mövqeyi İran üçün qismən strateji sığorta funksiyası daşıyır demək olar. Düzdür, bu, prinsip etibarilə ABŞ-nin hərbi eskalasiya imkanlarını məhdudlaşdırmır, amma qismən də olsa Tehran üçün diplomatik manevr sahəsi yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında videokonfrans formatında keçirilən görüşdə İran ətrafında yaranmış gərginlik əsas müzakirə mövzularından biri olub. Görüş zamanı Putin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ilə apardığı danışıqlar barədə də qarşı tərəfi məlumatlandırıb. Eyni zamanda vurğulanır ki, Moskva və Pekin ABŞ ilə mövcud qarşıdurmada Tehranın mövqeyini əsaslı hesab edir. Ekspertlər arasında belə bir fikir formalaşıb ki, Rusiya və Çinin İrana verdiyi dəstək Vaşinqtonu mümkün hərbi hücum planlarından çəkindirə bilər.
Siyasi şərhçi qeyd edib ki, mövcud vəziyyətdə Yaxın Şərqdə eskalasiyanın qarşısını alan əsas faktorlar bir neçə istiqamətdə cəmləşir.
"Qismən də olsa Rusiya və Çinin mövqeyi, ABŞ-nin özünün uzunmüddətli müharibə istəməməsi və ən əsası isə regiondakı aktorların maraqları bu faktorlardandır. ABŞ yaxşı başa düşür ki, İranla müharibə əlavə xərclərə və müharibə arealının genişlənməsinə səbəb ola bilər. Əsasən də ABŞ-nin müttəfiqi olan Körfəz ölkələrinin, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanının mövcud stabilliyi qorumağa çalışması və bu istiqamətdə ABŞ administrasiyasına göstərdiyi təzyiqlər indiki mərhələdə eskalasiyanın qarşısını alan faktorlar kimi dəyərləndirilə bilər. Digər vacib amil isə iqtisadi və enerji faktorları ilə bağlıdır. Yaxın Şərq enerji resursları baxımından qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət daşıyır. Hərbi eskalasiya neft və qaz qiymətlərində ciddi dalğalanmalara və dünya bazarında sabitliyin pozulmasına səbəb ola bilər. Xüsusilə də Hörmüz boğazında İranın imkanları bu istiqamətdə böyük problemlərin ortaya çıxmasına səbəb ola bilər. Bütün bu amillər birləşərək regionda hesablanmış balansın qorunmasına xidmət edir və diplomatik danışıqların vacibliyini artırır. Amma bütün bunlar belə İran nüvə şərtlərini qəbul etməyəcəyi halda ABŞ müdaxiləsinin qarşısını almağa bəs etmir. ABŞ-nin eskalasiyadan qaçmaq üçün nəsə əldə etməsi lazımdır. Əks halda dəniz donanmasının geri çəkilməsi Trampın həm beynəlxalq, həm də daxili nüfuzuna birbaşa mənfi təsir göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az