“Azərbaycan müharibədən sülhə keçidin real modelidir” - Hikmət Babaoğlu

"Bu gün Omanda ABŞ ilə İran arasında sülhün, yoxsa müharibənin gündəmdə olduğu bir vaxtda İranın müdafiə nazirinin Azərbaycana səfəri mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu, ilk növbədə Azərbaycanın regional aktor kimi mövqeyinin və rolunun qəbul edildiyini, eyni zamanda ABŞ–Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Məhz bu kontekstdə bir daha aydın olur ki, Cənubi Qafqazda və ona yaxın regionlarda baş verən proseslərdə Azərbaycanın iştirakı sülh üçün real zəmin yarada bilər. Bu baxımdan Azərbaycan Prezidenti İranın müdafiə nazirini qəbul edərkən ölkəmizin müharibədən sülhə keçid təcrübəsinin model kimi qəbul oluna biləcəyini vurğuladı".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüşdə dünyanın bir çox bölgəsində münaqişələrin davam etdiyini vurğulayaraq bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülh bərqərar olub. Prezident bu prosesin həm Azərbaycan, həm də Ermənistanla sərhəd ölkə olan İran üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Prezident, ölkəmizin timsalında müharibədən sülhə keçidin model kimi nümayiş etdirildiyini diqqətə çatdırıb.

Deputat bildirib ki, Prezidentin bu mövqeyi Azərbaycanın həmişə sülhü təşviq edən və regionda sabitliyin qorunmasına sadiq dövlət kimi fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

"Eyni zamanda İran nümayəndə heyətinin rəhbərinin “biz İran Prezidenti Məsud Pezeşkianın xüsusi tapşırığı ilə gəlmişik” fikri də diqqətçəkən məqam idi. Bu kontekstdə Azərbaycan Prezidentinin İran Prezidenti ilə əvvəlki görüşlərə istinad etməsi və həmin təmasları xatırlatması onu deməyə əsas verir ki, Azərbaycan–İran münasibətləri yeni mərhələyə keçə bilər. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ABŞ ilə İran arasında mümkün dialoq prosesində Azərbaycanın vasitəçi rolunda çıxış etməsi ehtimalı da istisna olunmur. Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil və İranda yaşayan xalqlara, ümumilikdə regiona sülh arzulayan, daim sülh mövqeyindən çıxış edən dövlətdir. Məhz bu ədalətli və balanslı mövqe Azərbaycanın İran üçün cəlbedici tərəfdaş olmasını şərtləndirir. Əgər İran siyasi eqosunu kənara qoyaraq səmimi dialoqa hazır olsa, heç şübhəsiz ki, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin beynəlxalq nüfuzundan sülhün təmin olunması istiqamətində faydalana bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az