“Oman danışıqları təqdim olunduğu qədər müsbət deyil” - Əli Mustafayev

"Əraqçinin səsləndirdiyi fikirlər ilk baxışda diplomatik və yumşaq ritorika təsiri bağışlasa da, bu ifadələr daha çox vəziyyəti müvəqqəti sabitləşdirməyə hesablanmış siyasi mesaj kimi görünür. “Yaxşı başlanğıc” kimi təqdim olunan yanaşma əslində real nəticələrdən çox, gərginliyin idarə olunmasına yönəlib. Mövcud məlumatlara görə, Omanda ABŞ və İran arasında aparılan danışıqlar rəsmi şəkildə təqdim olunduğu qədər müsbət keçməyib. ABŞ tərəfi konkret şərtlər irəli sürüb, lakin İran bu şərtlərlə razılaşmağa hazır görünmür. Xüsusilə İranın ali rəhbərliyinin mövqeyi bu məsələdə həlledici rol oynayır və hazırkı mərhələdə güzəştə meylli olmadığı hiss olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, İranın nüvə proqramı ətrafında illərdir davam edən gərginlik fonunda ABŞ ilə aparılan danışıqlar region və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Fevralın 6-da Omanda keçirilən görüşlər təkcə iki ölkə arasındakı münasibətlərin deyil, həm də regiondakı geosiyasi sabitliyin gələcəyi baxımından əhəmiyyətli sayılır. Bu kontekstdə İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” adlandıraraq əsas məqsədin tərəflər arasında inamsızlığın aradan qaldırılması olduğunu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, bu səbəbdən Əraqçinin nikbin tonu daha çox diplomatik jest təsiri bağışlayır.

"Reallıqda isə həm Vaşinqtonun, həm də Tehranın danışıqlarda iştirakı müəyyən mənada vaxt qazanmaq taktikasına bənzəyir. Tərəflər ya mövcud şərtlərin dəyişəcəyinə ümid edir, ya da mümkün gərginlik ssenarilərinə daha ciddi şəkildə hazırlaşmaq üçün zaman əldə etməyə çalışırlar. Eyni zamanda, İranın region ölkələri ilə əlaqələri gücləndirməyə və daxildə ictimai həmrəyliyi artırmağa yönələn addımları da diqqət çəkir. Bu cəhdlər potensial hərbi təzyiq və ya hücum ehtimalının qarşısını almaq üçün siyasi və diplomatik sığorta mexanizmi kimi qiymətləndirilə bilər. Bu baxımdan, danışıqlarla bağlı optimist açıqlamalar hələlik real nəticələri əks etdirmir və daha çox taktiki-diplomatik ritorika təsiri bağışlayır. Hazırkı mərhələdə prosesin taleyi ABŞ-nin irəli sürdüyü şərtlərə İranın verəcəyi cavabdan asılı olacaq. Əgər bu cavab Vaşinqtonu qane etməsə, gərginliyin növbəti mərhələyə keçməsi ehtimalı istisna edilmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az