- Siyasi müzakirə
- 10 Fevral 23:16
- 1 049
“Vensin səfəri Vaşinqton razılaşmalarının davamıdır” - Pərvanə Vəliyeva
"Ötən ilin bu günlərində Münhen Təhlükəsizlik Konfransında “Avropa özünün yaratdığı böhranla üz-üzədir” fikrini səsləndirən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bu günlərdə Cənubi Qafqaza səfəri başlayıb. Səfər proqramına əsasən, o, fevralın 9–10-da Ermənistanda, 10–11-də isə Azərbaycanda rəsmi görüşlər keçirəcək. Vensin səfər çərçivəsində hansı istiqamətlər üzrə fəaliyyət aparacağı barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində qısa açıqlama vermişdi. Həmin açıqlamada Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi nəzərdə tutulur".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığı bir dövrdə Vaşinqtonun regiona artan diqqəti xüsusi əhəmiyyət kəsb edir. ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri, Bakı və İrəvanda keçirilən görüşlər, eləcə də iqtisadi, təhlükəsizlik və nəqliyyat layihələri ətrafında aparılan müzakirələr regionun geosiyasi gündəmini ön plana çıxarır. Bu proseslər fonunda Azərbaycanın regional bağlantılar və beynəlxalq əməkdaşlıq baxımından rolu daha da güclənir.
Deputat bildirib ki, vitse-prezidentin Bakıya səfəri ərəfəsində Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndələri ilə keçirdiyi görüş bu kontekstdə xüsusi diqqət çəkir.
"Qeyd edək ki, Azərbaycan–ABŞ strateji tərəfdaşlığı üç əsas istiqaməti əhatə edir: enerji, ticarət və tranzit də daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastrukturun daxil olduğu iqtisadi investisiyalar; həmçinin müdafiə sahəsində satışlar və terrorizmə qarşı mübarizəni özündə birləşdirən təhlükəsizlik əməkdaşlığı. Planlaşdırılan Strateji İşçi Qrupu regional bağlantı infrastrukturunun və enerji layihələrinə yatırılan sərmayələrin artırılması, regional iqtisadi-ticarət əməkdaşlığının inkişafı və süni intellekt sahəsində birgə fəaliyyətin genişləndirilməsi üzərində işləyəcək. Bu isə ABŞ texnologiyası və kapitalının Azərbaycana cəlb olunması, eləcə də ABŞ-nin ölkəmizdə iqtisadi fəallığının artması anlamına gəlir. Fikrimcə, səfər proqramında TRİPP marşrutunun funksional vəziyyətə gətirilməsi ilə bağlı növbəti addımların müzakirəsi də yer alacaq. Yanvarın 14-də Ağ Evdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio arasında imzalanmış TRİPP İcra Çərçivəsi (TIF) sənədi bu məsələlərə aydınlıq gətirib. Sənəddə Vaşinqton razılaşmalarına istinad edilərək Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə maneəsiz əlaqəsinin təmin olunması açıq şəkildə vurğulanıb. TRİPP layihəsi Şərq–Qərb istiqamətində əsas nəqliyyat arteriyasına çevrilmək potensialına malikdir və investisiya və ticarət məkanı kimi inkişaf etdirilməsi hədəflənir. ABŞ coğrafi baxımdan regiondan uzaq olsa da, müasir iqtisadi münasibətlər və rəqəmsal bağlantılar bu məsafə anlayışını aradan qaldırır. Çərçivə sənədində qeyd edildiyi kimi, Zəngəzur dəhlizi vasitəsilə xammal, kritik minerallar və nadir metalların Amerika bazarlarına çıxarılması planlaşdırılır. TRİPP beynəlxalq əhəmiyyətli layihədir və bu, yalnız Azərbaycan və ya Ermənistan üçün deyil, Çindən Avropaya, hətta ABŞ-a qədər uzanan geniş coğrafiyada yerləşən ölkələr üçün fayda vəd edir. ABŞ administrasiyası regionda formalaşmış sülh mühitini müsbət qarşılayır və tərəfdaşlıqların möhkəmləndirilməsi məqsədilə vitse-prezident Ceyms Devid Vensi Vaşinqton Sülh Sammitindən sonra ilk dəfə olaraq bölgəyə göndərir. Bu səfər Vaşinqton razılaşmalarının davamı kimi dəyərləndirilə bilər. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi hörmətlə yanaşdığı və onun apardığı siyasəti yüksək qiymətləndirdiyi də vurğulanır. Dövlət başçımızın Yaxın Şərq Sülh Sammitinə şəxsən dəvət olunması və Azərbaycanın Sülh Şurasına təsisçi ölkə kimi çağırılması bu münasibətin göstəricisidir. Bu yanaşma ABŞ–Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsində özünü göstərir. Beləliklə, Ceyms Devid Vensin regiona səfəri TRİPP layihəsi üzrə proseslərin sürətlənməsinə töhfə verəcək. Eyni zamanda, bu addım ABŞ-nin regionla bağlı proseslərdə fəal iştirak edəcəyini və Donald Trampın xarici siyasət gündəliyində Azərbaycanın mühüm yer tutduğunu göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az