“Ermənistan sülh sazişini seçkilərə qədər imzalamaq istəyir” -Oqtay Qasımov

"Ermənistan Baş nazirinin sülh müqaviləsini seçkilərə qədər imzalamağa tələsməsi anlaşılandır. Paşinyan çalışır ki, bu məsələ seçkilərədək öz həllini tapsın və həm sülh müqaviləsinin imzalanmasını, həm də ABŞ-la əldə olunmuş razılaşmaları seçki kampaniyasının əsas arqumentinə çevirərək qələbəsini təmin etsin. Bu baxımdan Ermənistan prosesin sürətlənməsində maraqlıdır və istəyir ki, sülh sazişi seçkilərə qədər imzalansın. Azərbaycanın mövqeyi isə aydındır. Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar dəyişdirilməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin parlament seçkilərindən əvvəl imzalanmasının hökumətin əsas hədəflərindən biri olduğunu açıqlayıb. O vurğulayıb ki, sənədin imzalanması istiqamətində ötən ilin dekabr, yanvar, aprel və oktyabr aylarında da cəhdlər göstərilib. Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-nə nəzərdə tutulub. Bu şəraitdə Paşinyanın sülh sazişini seçkilərdən əvvəl rəsmiləşdirmək istəyi prosesin siyasi motivləri ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Siyasi şərhçi qeyd edib ki, bunun üçün referendum keçirilməli və yalnız bundan sonra yekun sülh müqaviləsi imzalanmalıdır.

"Paşinyanın tələskənliyi müəyyən mənada təəccüblü görünsə də, Ermənistanın daxili siyasi vəziyyəti fonunda onun bu mövqeyi başa düşüləndir. Sülh müqaviləsinin yaxın zamanda imzalanması ehtimalı isə kifayət qədər aşağı qiymətləndirilir. Bu yalnız o halda mümkün ola bilər ki, Ermənistan rəsmi şəkildə öhdəlik götürsün: referendum keçiriləcək, Konstitusiyaya dəyişiklik ediləcək və bunun üçün konkret tarix müəyyənləşdiriləcək. Belə bir öhdəlik Azərbaycan tərəfindən müəyyən şərtlərlə qəbul edilə bilər. Bu variant vəziyyətdən çıxış yollarından biri kimi nəzərdən keçirilə bilər. Lakin yekun qərarı Azərbaycan dövləti verir və bu, danışıqlar prosesinin gedişindən asılı olacaq. Ümumilikdə isə, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsinin imzalanması real görünmür".

Rəfiqə Namazəliyeva,

AzNews.az