- Siyasi müzakirə
- 21:11
- 2 187
“Tramp sırf İsrail naminə müharibəyə getməz” - Həşim Səhrablı
"Netanyahunun belə bir vəziyyətdə Trampı İrana qarşı hərbi zərbələrə razı sala bilməməsi anlaşılandır. Hər nə qədər Tramp İsrailə meyilli siyasətçi kimi tanınsa da və ümumilikdə ABŞ xarici siyasətində İsrail mühüm yer tutsa da, Amerika müstəqil dövlətdir və onun üçün hər zaman öz milli maraqları prioritetdir. Mövcud mərhələdə ABŞ-nin İrana zərbə endirməsi kifayət qədər riskli və nəticələri proqnozlaşdırılması çətin olan addım olardı. Hadisələrin gedişindən asılı olaraq belə bir müdaxilə Vaşinqtonun maraqlarına xidmət edə də bilərdi, əksinə, həmin maraqlara ciddi zərbə də vura bilərdi. Yəni bu addım ABŞ üçün tam mənada riskli seçimdir. Hazırkı şəraitdə İrana zərbə endirilməsi daha çox İsrailin maraqlarına uyğun görünür. Tramp da anlayır ki, sırf İsrailin təhlükəsizlik prioritetləri naminə Amerikanı nəticəsi qeyri-müəyyən olan bir müharibəyə cəlb etmək məqsədəuyğun deyil. Çünki ABŞ-nin son illərdə həyata keçirdiyi hərbi əməliyyatlar və xarici siyasət addımları əsasən qısa müddətdə maksimal nəticə əldə etməyə hesablanıb. Məsələn, hədəfli əməliyyatlar, iqtisadi sanksiyalar, ticarət müharibələri və digər strateji addımların hamısı sürətli və konkret nəticə əldə etmək məqsədi daşıyıbİrana genişmiqyaslı müdaxilə isə qısa müddətdə uğurlu nəticə vəd etmir. İran nə Venesueladır, nə də İraq və ya Suriyadır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən son görüş regional və qlobal siyasət baxımından xüsusi diqqət mərkəzində olub. Yaxın Şərqdə gərginliyin artdığı, xüsusilə İran ətrafında risklərin yüksəldiyi bir mərhələdə baş tutan bu görüş tərəflərin mövqeləri ilə bağlı müxtəlif müzakirələrə səbəb olub. ABŞ mediasının məlumatına görə, Netanyahu görüş zamanı Trampı İrana qarşı açıq hərbi addımlar atmağa və ya birbaşa müharibəyə başlamağa razı sala bilməyib. Bu məqam Vaşinqtonun İran siyasətində daha ehtiyatlı xətt seçməsi və ya mümkün taktiki dəyişikliklər etməsi ehtimalını gündəmə gətirib.
Siyasi şərhçi qeyd edib ki, Rusiya və İranın Venesuelaya birbaşa və təsirli dəstək göstərmək imkanları məhdud olsa da, İran məsələsində vəziyyət fərqlidir.
"Moskva və Pekin Tehrana müxtəlif formalarda dəstək verə, onun ehtiyaclarını qarşılaya və bölgədə anti-Amerika dayaq nöqtəsi formalaşdıra bilərlər. ABŞ bunu yaxşı anlayır və nəzərə alır ki, İrana qarşı plansız və tələsik addım atılması uzunmüddətli qarşıdurmaya səbəb ola bilər. Tutaq ki, İran rəhbərliyində müəyyən fiqurlar, o cümlədən prezident, müdafiə naziri və yüksək rütbəli komandirlər zərərsizləşdirildi. Bu, sistemin çökməsi demək deyil. İran sistemi şəxslərə deyil, institusional struktura əsaslanır. Formal olaraq ali dini lider Ayətullah Xamenei əsas fiqurdur. Lakin hətta onun fiziki olaraq aradan götürülməsi belə sistemin tam dağılması anlamına gəlməz. Müvəqqəti çaşqınlıq yaransa da, boşluqlar doldurular və müqavimət mexanizmi işə düşər. Bu isə ABŞ əməliyyatlarının günlərlə, həftələrlə, hətta aylarla uzanması ehtimalını artırar. Vaşinqton isə belə uzunmüddətli və yüksək xərcli münaqişəyə hazır deyil. Çünki həmin müddətdə İran öz raket potensialı və digər hərbi imkanları vasitəsilə bölgədəki ABŞ müttəfiqlərinə, Amerika hərbi bazalarına və İsrailə ciddi zərbələr endirə bilər. Bu da ABŞ üçün arzuolunan nəticələr doğurmaz. Digər tərəfdən, Çin, Rusiya və müəyyən mənada Türkiyə faktoru da mövcuddur. Bu dövlətlər İranın açıq işğalını və ya tam destabilizasiyasını dəstəkləməyəcəklər və mümkün qədər prosesə əngəl yaratmağa çalışacaqlar. Belə vəziyyətdə ABŞ ya ciddi miqyasda resurs və güc sərf etməli olacaq, ya da geri çəkilməli olacaq. Geri çəkilmə isə Vaşinqtonun qlobal liderlik iddiasına ciddi zərbə vura bilər. Əgər ABŞ bütün gücünü səfərbər edib məqsədinə çatsa belə, bu, ağır insan itkisi, ciddi iqtisadi xərclər və artan büdcə yükü deməkdir. Onsuz da yüksək borclanma şəraitində olan ABŞ büdcəsi üçün bu, əlavə təzyiq yaradacaq. Hazırda ABŞ daha çox planlaşdırma mərhələsindədir: mümkün ssenariləri qiymətləndirir, qısa müddətli və effektiv əməliyyat modelini axtarır. Bu isə o demək deyil ki, Tramp İrana zərbə endirmək variantından tamamilə imtina edib. Əksinə, hərbi müdaxilə son seçim kimi gündəmdə qala bilər. Lakin indiki mərhələdə ABŞ-nin əsas xətti İranı Rusiya–Çin mərkəzli blokdan müəyyən qədər uzaqlaşdırmaq, enerji və hərbi-texniki məsələlərdə Vaşinqtonla koordinasiyaya cəlb etməkdir. Əgər bu baş verərsə, ABŞ öz strateji məqsədlərinə qismən də olsa nail olmuş sayılacaq. Əgər bu baş verməzsə və İran Çin və Rusiya ilə strateji xəttini daha da dərinləşdirərsə, Vaşinqton hesab edə bilər ki, alternativ qalmayıb və rejim dəyişikliyi ssenarisi qaçılmazdır. Belə halda hərbi zərbələr artıq konkret liderlərin istəyi ilə deyil, birbaşa ABŞ-nin milli maraqları kontekstində gündəmə gələ bilər. O zaman nə Netanyahunun təzyiqinə, nə də başqa liderlərin təşviqinə ehtiyac qalacaq. ABŞ öz maraqlarını qorumaq naminə son seçimə, açıq qarşıdurmaya məcburi şəkildə razı ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az