- Siyasi müzakirə
- 16:51
- 889
“Cənubi Qafqaz strateji kəsişmə nöqtəsidir” – Pərvanə Vəliyeva
"Regional sabitlik, enerji təhlükəsizliyi və strateji nəqliyyat marşrutlarının qlobal güclər üçün getdikcə daha vacib olduğu bir vaxtda, Avropa ilə Asiyanı birləşdirən yeni tranzit dəhlizləri, artan enerji əməkdaşlığı və dəyişən ittifaqlar Cənubi Qafqazı əsas geosiyasi kəsişmə nöqtəsinə çevirib. Ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş razılaşmalar əməli nəticələrini göstərir. Əməli addımlardan biri də sülhün strateji elementi – İran sərhədi boyunca Ermənistanın cənubundan keçən, Beynəlxalq Sülh və Rifah naminə “Tramp marşrutu” üzrə irəliləyişlərdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat və ticarət xətləri ilə bağlı danışıqlar hələ də gündəmdə qalır. Tərəflər yalnız iqtisadi əlaqələrin genişləndirilməsini deyil, eyni zamanda bu inteqrasiyanın siyasi münasibətlərə necə təsir göstərə biləcəyini də diqqətlə müzakirə edirlər.
Deputat qeyd edib ki, bu yol ABŞ zəmanəti ilə Azərbaycan və Naxçıvan arasında maneəsiz keçidi təmin edən çoxmodallı bağlantıya çevriləcək.
"Bilirik ki, Azərbaycanın şimalı və cənubu sanksiyaya uğramış ərazilərdir. Bu isə Azərbaycan üçün yeni imkanlar yaradır. Azərbaycan həm Rusiya, həm İranla sərhədi olan yeganə ölkədir və strateji baxımdan çox önəmlidir. ABŞ münaqişələri bitirib, geoiqtisadi münasibətlərə fokuslanmaq istəyir. Tarixən ABŞ Rusiyanın cənub sərhədlərində bu qədər böyük rol oynamayıb. Bu isə tarixi bir məqamdır. Həmçinin, Türkiyə, eləcə də Qazaxstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinin şərq-qərb istiqamətində, xüsusilə Trans-Xəzər marşrutu vasitəsilə bağlantıları daha da güclənəcəkdir. Məqsəd, hamı üçün faydalı olan yeni münasibətlər sistemidir. Azərbaycan və Ermənistan arasında iqtisadi inteqrasiya normallaşmaya təkan verir. Siyasi etimad olmadan iqtisadi əlaqə mümkün deyil. Etibarlılıq meyarı bazar iqtisadiyyatında çox önəmlidir. Bu, əsas prinsipdir və dayanıqlı iqtisadi əlaqəyə aparır".
Rəfiqə Namazəliyeva,
AzNews.az