“İranın nüvəsizləşdirilməsi Azərbaycan və Türkiyə üçün vacibdir” – Hikmət Babaoğlu

"İran ətrafında baş verən hadisələr şübhəsiz ki, öz məntiqi sonuna çatana qədər bu və digər platformalarda müzakirə mövzusu olaraq qalacaqdır. Amma mənə elə gəlir ki, nə İran tərəfi güzəştə getməyə hazırdır, yəni ABŞ və İsrailin istədiyi dərəcədə güzəştə getməyə hazırdır, nə də ABŞ və İsrail bu güzəştləri qəbul etməyə hazırdır. Ona görə də heç bir güzəştdən söhbət gedə bilməz və hələlik masada hansısa razılaşmanın əldə olunmasına ümid etmək də olmaz. Məsələ prinsipialdır. Nəticə etibarilə, hər kəsə aydındır ki, ən yaxın zamanda İran nüvə silahı əldə edə bilər və bu gün İranın əldə etdiyi ballistik raketlər arsenalına diqqət etsək, görərik ki, artıq nüvə başlıqlarını daşıyacaq texniki göstəricilərə malik raketlər də İran istehsal edə bilər və ya bəlkə artıq istehsal edibdir. Ona görə də mən düşünmürəm ki, bundan sonra İran hansısa güzəştli addımlar atsın və mövcud vəziyyətdə də düşünmürəm ki, bu vəziyyət İsraili qane etsin".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, son günlər İran və ABŞ arasındakı münasibətlər ətrafında yayılan açıqlamalar göstərir: tərəflər gərginlik fonunda belə ehtiyatlı diplomatik fəaliyyət göstərirlər. İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançının “kompromisə hazırıq” mesajı təsadüfi səslənməyib və bu, Tehranın danışıqlar masasını tam tərk etmək niyyətində olmadığını ortaya qoyur. Eyni zamanda, Vaşinqtonda müxtəlif kanallar vasitəsilə mümkün razılaşma ehtimalları qiymətləndirilir. Lakin məsələnin əsas düyün nöqtəsi dəyişməz qalır: sanksiyalar hələ də həll edilməyib.

Deputat qeyd edib ki, indiki mərhələdə danışıqlar əsasən hər iki tərəfin vaxt qazanmasına hesablanıb.

"Çünki bu, hər iki tərəfin lehinədir. ABŞ artıq ikinci təyyarədaşıyan gəmisini İrana doğru istiqamətləndiribdir. Əsgər sayını artırıbdır. Artıq bəzi mənbələrdə 53 min, bəzi mənbələrdə isə daha çox əsgərin İrana zərbə üçün səfərbər edildiyi bildirilir və bütün bunlar onu göstərir ki, hazırkı həddən sonra gərginləşmənin geriyə dönüş yolu demək olar ki, yoxdur. Ancaq bununla bərabər, biz başqa bir məsələni də diqqətdən qaçırmamalıyıq. Çünki ABŞ ilə, yaxud Anqlo-Sakson dəyərləri ilə Hind-Avropa dəyərləri arasında daim təmas olubdur. İranın bu günə qədər ayaqda qalmasının da, İranda azərbaycanlıların ikinci dərəcəli vətəndaş kimi statusa doğru itələnməsinin də səbəbi budur. Etnik azlıq olan, amma Hind-Avropa kökənli farslar etnik çoxluq olan türklər üzərində hakim olmalıdırlar. Mənə elə gəlir ki, Əraqçinin rəhbərlik etdiyi diplomatik missiya daha çox amerikalıları inandırmağa çalışacaq ki, əgər bizim hakimiyyət gedərsə, regionda türk faktoru güclənər. İstanbulda keçirilməsi razılaşdırılan görüşdən farsların qaçması da bununla əlaqədardır. Ona görə gedib ərəblərə sığındılar. Yəni diplomatiya hər nə qədər bəzədilmiş etik sözlərdən ibarət olsa da, bir o qədər də onun altında açıq, çılpaq həqiqətlər var. Ona görə də məncə, hələlik Anqlo-Sakson İttifaqı ilə İranın ortaq təmas nöqtəsi məhz buradadır. Regionda türk faktorunun güclənməsinin qarşısını almaq üçün İran özünü bir alət kimi ABŞ-a təklif edə bilər və bunun əvəzində müəyyən güzəştli işlər qoparmağa çalışa bilər və hətta söz verə bilər ki, nüvə silahını İsrailə qarşı yox, Türkiyəyə və Azərbaycana qarşı istifadə edə bilər. Yəni doğrudan da hər kəsə bəllidir ki, nüvə silahına malik olan bir ölkə heç vaxt başqa bir nüvə silahına malik ölkəyə nüvə silahı tətbiq etmir. İranın nüvə silahı var və əlbəttə ki, onu heç vaxt İsrailə qarşı istifadə etməyəcək. Bəs onu kimə atacaq? Azərbaycana atacaq, Türkiyəyə atacaq, ya da nüvə silahını Ermənistana verəcəkdir. Məsələ belədir. Ona görə də doğrusu burada regional mənafedən, prinsipial mövqedən çıxış edəcək ölkə kimi İsrail qalır və ümid edək ki, İsrail də bu fars diplomatiyasının həddindən artıq liberal, yalvarıcı metodlarına inanmayacaqdır. İsrail öz mövqeyində möhkəm duracaqdır. Çünki nəticə etibarilə İranın nüvəsizləşdirilməsi hər şeydən öncə Azərbaycan üçün, Türkiyə üçün lazımdır. Ondan sonra İsrail üçün lazımdır. Əslində məncə, Türkiyə diplomatiyası da buna dəstək verməlidir. Çünki qeyd etdiyimiz kimi, İran heç vaxt cəsarət edib İsrailə nüvə bombası ata bilməz, amma Türkiyəyə ata bilər, Azərbaycana ata bilər. Biz bunu real gerçəklikdə 44 günlük müharibə zamanı da gördük. İran Azərbaycana qarşı Ermənistana külli miqdarda silah göndərdi, terrorçu göndərdi, onları dəstəklədi, kommunikasiyaların açılmasına qarşı bu gün də çıxır. Türkiyəyə qarşı da Suriyada savaşdı, Bayırbucaq türkmənlərini öldürdü. Həşdi-Şabi vasitəsilə Suriyadakı anti-türk koalisiyasına dəstək verdi, İraqda şiələri hakimiyyətə gətirməklə yenə onları Türkiyəyə qarşı qoydu. Ondan sonra öz ölkəsində PKK-nın PJAK versiyasını yaradaraq, onu təlim keçərək, silahlandıraraq yenə Türkiyənin üzərinə saldı və Türkiyə bu günə qədər də hələ də bu problemlərin fəsadlarını yaşayır. Yalnız son vaxtlarda bu problemi həll etməyə başlayıbdır. Ona görə də məncə, Türkiyə İrana münasibətdə müəyyən korrektələr etməlidir. Çünki postmüharibə mərhələsinə hazırlaşmalıdır həm Türkiyə, həm də Azərbaycan. Postmüharibə mərhələsi artıq İranda türk ünsürünün güclənməsi olmalıdır və bunun üçün iki müttəfiq ölkə — Türkiyə və Azərbaycan — İsraili də bura daxil etməklə İranın yeni gələcəyini inşa etmək üçün birgə layihələr formalaşdırmalıdırlar. Çünki nəticə etibarilə İran nə Türkiyə, nə Azərbaycan, nə də İsrail üçün təhdid olmamalıdır. Ona görə də məncə, bu üç ölkə öz geostrateji mövqelərini yenidən nəzərdən keçirməli və yerləşdirməlidirlər. İsrail və Azərbaycan bunu ediblər. Türkiyə də bura qoşularsa, bu üçlüyün regionda sülhü təmin etmək və İranı nəzarətdə saxlamaq perspektivləri daha yaxşı olar".

Rəfiqə Namazəliyeva,

AzNews.az