“Azərbaycan–Ermənistan dialoqu üçün vasitəçiyə ehtiyac yoxdur” – Mübariz Göyüşlü

"Hesab edirəm ki, artıq bu mərhələdə, hətta müəyyən müddətdir, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsində xarici aktorların və beynəlxalq vasitəçilərin roluna ehtiyac qalmayıb. Tərəflər artıq vasitəçisiz şəkildə birbaşa dialoq apara bilirlər və faktiki olaraq bunu edirlər. Son dövrlərdə mütəmadi görüşlərin keçirilməsi, müzakirələrin davam etməsi və konkret nəticələrin əldə olunması bunu açıq şəkildə göstərir. Mənim fikrimcə, əksinə, beynəlxalq vasitəçilərin və xarici aktorların prosesdə həddindən artıq aktiv iştirakı danışıqlara faydadan çox zərər verə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasında danışıqların intensivləşməsi, xüsusilə də Münhendə keçirilən son görüşlər regionda sülh gündəliyinin daha konkret və praktik mərhələyə daxil olduğunu göstərir. Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar prosesin artıq texniki müzakirələrdən çıxaraq siyasi qərarlar müstəvisinə keçdiyini nümayiş etdirir. Hazırkı mərhələ sülh sazişinin imzalanmasına aparan həlledici addımların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və tərəflərin ortaya qoyacağı strateji iradə bu prosesdə əsas rol oynaya bilər.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan üçüncü tərəflərin ev sahibliyi etməsi, vasitəçilik təşəbbüsü ilə çıxış etməsi və ya digər formalarda prosesə cəlb olunması artıq məqsədəuyğun hesab edilmir.

"Tərəflər arasında müzakirə olunan məsələlər elə bir mərhələyə çatıb ki, sülh sazişinin imzalanması yolunda faktiki olaraq yalnız bir əsas maneə qalır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu məsələsidir. Hazırda bu problemin də həlli istiqamətində konkret addımlar atılır və Ermənistan–Azərbaycan tərəfləri qarşısında bu öhdəliyin yerinə yetirilməsinə hazır olduqlarını nümayiş etdirirlər. Belə bir şəraitdə, demək olar ki, əsas məsələlər razılaşdırılıb və proses yekunlaşma mərhələsinə daxil olubsa, əlavə vasitəçiliyə ehtiyacın olması sual altına düşür".

Rəfiqə Namazəliyeva,

AzNews.az