“Sülhün əsas maneəsi Ermənistan Konstitusiyasıdır” – Elçin Mirzəbəyli

"Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazda postmünaqişə mərhələsinin hüquqi və siyasi konturlarını dəqiqləşdirən mühüm tezislər kimi qiymətləndirilməlidir. Ыülh sazişinin mətni razılaşdırılıb, paraflanıb, beynəlxalq şahidlik mövcuddur, sərhəddə sabitlik təmin edilib və real maneə texniki deyil, hüquqi xarakter daşıyır. Bu maneə Ermənistan Konstitusiyasında bu ölkənin Müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə normallaşma prosesinin faktiki olaraq yeni mərhələyə keçdiyini göstərir. Həmin sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflandığı təsdiqlənib. Eyni zamanda, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətə şahidlik edilməsi keçmiş münaqişə institutlarının tarixə qovuşduğunu göstərir. Bu, siyasi baxımdan münaqişə səhifəsinin birdəfəlik bağlanması deməkdir. Sənədin ABŞ Prezidenti tərəfindən şahidlik edilməsi xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərək Cənubi Qafqazdakı sülh prosesinin hazırkı vəziyyətini qiymətləndirib. O, Ermənistanla normallaşma perspektivlərinə və Zəngəzur dəhlizinin açılmasına toxunaraq bildirib ki, sülh müqaviləsinin əsas maneəsi Ermənistan konstitusiyasında dəyişikliklərin aparılmasıdır. Prezident vurğulayıb ki, Avqustdan bəri sərhəddə vəziyyət sabitdir və hər hansı insident baş verməyib.

Deputat bildirib ki, bu fakt sazişin beynəlxalq legitimliyini gücləndirir, əlavə siyasi məsuliyyət formalaşdırır və Cənubi Qafqazda yaranmaqda olan yeni təhlükəsizlik arxitekturasına qlobal diqqəti yönəldir.

"ABŞ faktorunun iştirakı, bütün hallarda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin effektivliyini nümayiş etdirir və rəsmi Bakının təşəbbüskar mövqeyini gücləndirir. Bununla belə, prosesin əsas düyün nöqtəsi Ermənistanın daxili hüquqi sistemidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına istinad edən müddəalar aradan qaldırılmadan davamlı və dönməz sülhdən danışmaq çətindir. Beynəlxalq müqavilə imzalanıb ratifikasiya olunsa belə, konstitusion ziddiyyət gələcəkdə hüquqi və siyasi manipulyasiyalar üçün zəmin yarada bilər. Bu isə sülh sazişinin dayanıqlılığı üçün əlavə risk formalaşdırar. Burada 2026-cı ilin siyasi təqvimi mühüm əhəmiyyət kəsb etdiyini də nəzərə almaq zəruridir. Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixində keçiriləcək. Ermənistan qanunvericiliyinə əsasən, ölkədə seçki və ya referendumlar arasında minimum 6 aylıq fasilə olmalıdır. Bu isə o deməkdir ki, konstitusiya islahatları ilə bağlı referendum ən tez 2026-cı ilin dekabr ayında təşkil oluna bilər. Yəni konstitusion dəyişikliklərin hüquqi prosedur baxımından başa çatdırılması üçün ən real zaman çərçivəsi ilin sonuna təsadüf edir. Bu reallıq iki mümkün ssenari yaradır. Birinci ssenariyə görə, Ermənistan hakimiyyəti seçkilərdən sonra siyasi mandatını yeniləyərək dekabr ayında konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedir və bununla da sülh müqaviləsinin imzalanması üçün hüquqi maneəni aradan qaldırır. Bu halda 2026-cı ilin sonu Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. İkinci ssenari isə konstitusiya məsələsinin seçkiqabağı daxili siyasi ritorika alətinə çevrilməsi və prosesin uzadılmasıdır. Əgər məsələ daxili siyasi ziddiyyətlərin girovuna çevrilərsə, normallaşma prosesi texniki səbəbdən deyil, siyasi iradə çatışmazlığı səbəbindən ləngiyə bilər. Bu isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasında tərəddüd etməsi kimi qiymətləndiriləcək. Vaşinqton Birgə Bəyannaməsində BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinad edilməsi, yəni sənəddə sərhədlərin toxunulmazlığının və ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyinin təsdiqi artıq prinsipial razılaşmanın mövcudluğunu göstərir. Sərhəddə atəşkəs rejiminin sabit xarakter alması, insidentlərin olmaması və qarşıdurmanın faktiki dayanması Prezident İlham Əliyevin “sülh artıq əldə olunub” fikrini siyasi baxımdan tamamilə əsaslandırır. Qalan mərhələ bu siyasi reallığın Ermənistanın daxili hüquq sistemində təsbit olunmasıdır. Kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması perspektivi regionun geoiqtisadi gələcəyini müəyyənləşdirir. Bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsü də diqqətəlayiqdir. Layihə yalnız nəqliyyat bağlantısı deyil, həm də Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyası üçün yeni platforma kimi dəyərləndirilə bilər. Beləliklə, hazırkı mərhələdə əsas məsələ siyasi bəyanatların yox, hüquqi uyğunlaşdırmanın təmin edilməsidir. Ermənistan Konstitusiyasında dəyişikliklərin aparılması sülh sazişinin imzalanması üçün formal şərt deyil, onun davamlılığının təminatıdır. Əgər İrəvan 2026-cı ilin dekabrında referendum keçirərək konstitusion iddialardan imtina edərsə, regionda düşmənçilik səhifəsi qapana və yeni əməkdaşlıq mərhələsi başlaya bilər. Əks halda, proses uzansa belə, regional reallıqlar dəyişməyəcək. Çünki suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan artıq təşəbbüsü əlində saxlayan tərəfdir və sülh gündəliyinin strateji çərçivəsini müəyyən edən tərəf kimi çıxış edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az