- Siyasi müzakirə
- 21:35
- 1 135
“Vaşinqton fürsət tapdığı anda zərbə endirə bilər” – Azad Məsiyev
"ABŞ başda olmaqla İran əleyhinə yaradılmış koalisiyanın əsas məqsədi İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir hakimiyyət qurmaqdır. Bu, ABŞ-nin uzunmüddətli strategiyasının bir hissəsidir. Bu strategiyanı həyata keçirmək üçün müxtəlif bəhanələr irəli sürülür və bu bəhanələr əsasında siyasi manevrlər edilir. Xatırlatmaq yerinə düşər ki, 12 günlük hərbi əməliyyat zamanı, yəni İsrail ilə birgə aparılan əməliyyatlarda açıq şəkildə görünmüşdü ki, məqsəd İranda hakimiyyəti devirmək, rejim dəyişikliyi həyata keçirməkdir. Görünür, ABŞ-nin bu planı icra edilməlidir. Sonradan İranın sosial vəziyyətinin gərginləşməsi və xalq etirazları ABŞ-nin kəşfiyyat şəbəkəsi tərəfindən yaradılan təxribatlarla əlaqələndirilmiş, nəticədə ABŞ rəhbərliyi açıq şəkildə İrana təzyiq göstərərək, xalq etirazına qarşı güc tətbiqini müdafiə etmişdir. Məqsəd İran dövləti ilə xalq arasında gərginlik yaratmaqdır və bunu bəhanə edərək, hətta Tramp açıq şəkildə hərbi əməliyyatların həyata keçiriləcəyini bildirmişdi. Hazırda ABŞ yeni bir bəhanə gətirərək, İranın uran zənginləşdirməsini ön plana çıxarır və bu məsələdən istifadə edir. Yaxınlarda ABŞ-da İsrailin baş naziri ilə ABŞ prezidenti arasında bir görüş keçirilmişdi. Görüşdə razılığa gəlmişdilər ki, İranın Çinə xam neft və strateji materiallar satmasının, uzaqmənzilli raket istehsalının qarşısı alınsın".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, "The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ İranın siyasi-hərbi rəhbərliyini, nüvə obyektlərini və ballistik raketlərini hədəfə almaq üçün müxtəlif hərbi ssenariləri nəzərdən keçirir. Məlumatda bildirilir ki, Donald Trampa təqdim olunan planlar genişmiqyaslı əməliyyatlardan başlayaraq, yalnız nüvə və raket obyektlərinə yönəlmiş məhdud hava zərbələrinə qədər müxtəlif variantları əhatə edir. ABŞ bölgəyə F-35 və F-22 qırıcıları, əlavə komanda-nəzarət təyyarələri, gücləndirilmiş hava hücumundan müdafiə sistemləri və ikinci aviadaşıyıcı göndərib. Rəsmilər əməliyyatların bir neçə həftə davam edə biləcəyini açıqlayıblar.
Siyasi şərhçi qeyd edib ki, bütün bu addımlar İrana təzyiq göstərmək və ABŞ-nin maraqlarına uyğun bir hakimiyyət qurmaq məqsədilə bəhanə kimi istifadə olunur.
"Əsas məqsəd İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir idarəetmə sistemi qurmaqdır. Bu baxımdan aparılan dialoqlar və danışıqlar müvəqqəti xarakter daşıyır. İran rəhbərliyi ABŞ-nin bütün təkliflərinə imza atsa belə, ABŞ hər zaman başqa bir bəhanə gətirərək təzyiqlərini davam etdirəcəkdir. ABŞ istəyir ki, İran idarə olunan bir dövlətə çevrilsin və bunu üç istiqamətdə istifadə etsin. Bugün aparılan bütün danışıqlar sadəcə taktiki gedişdir. ABŞ narahatdır ki, İranın müttəfiqləri ona hərbi dəstək verərsə, hərbi əməliyyatlar planlaşdırılan kimi icra oluna bilməz və bu, ABŞ prezidentinin imicinə zərbə vura bilər. Eyni zamanda, ABŞ prezidenti özünü sülh görən kimi göstərmək və sülh təşəbbüslərini ön plana çıxarmaq istəyir. Əslində, ABŞ dünyada sülh və təhlükəsizliyin qorunmasında maraqlı görünür, amma əksinə, dünyadakı xaos onun strategiyasına xidmət edir. Dünyada nə qədər xaos varsa, istər Venesuela, istər Ukrayna münaqişəsi, istər Yaxın Şərq olsun, ABŞ-nin strateji maraqları həmin xaosun arxasında dayanır. İranda aparılan danışıqlar müvəqqəti və taktiki xarakter daşıyır. ABŞ fürsət tapdığı anda İrana zərbələr endirə bilər. Lakin strateji obyektləri vurmaqla İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir idarəetmə qurmaq mümkün deyil. İran ideoloji dövlətdir, kifayət qədər strukturlaşmış idarəetmə sistemi mövcuddur. Ona görə də, İraqda həyata keçirilən əməliyyatları İranda təkrar etmək real deyil. Strateji obyektləri vurmaqla yalnız xalqla dövlət arasında gərginlik yaratmaq taktikası işləyə bilər, amma bu da uğursuzluğa düçar olacaqdır. Eyni zamanda, Çin, Rusiya və Türkiyə yaxşı başa düşürlər ki, əgər İranda hakimiyyət dəyişərsə, bu, onların regiondakı maraqlarına zərbə vuracaqdır. Xüsusilə, Çin iqtisadi baxımdan zəifləyə bilər, satılacaq neftin qarşısı alınaraq enerji mənbələri məhdudlaşdırıla bilər. Rusiyanın cənub-şimal dəhlizləri bağlana bilər. Eyni zamanda, Türkiyə və digər regional aktorlar Turan İttifaqının yaradılmasına maneçilik törədə bilər. ABŞ-nin məqsədi isə dünyada bir qütblü sistem yaratmaq və bunu həyata keçirməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az