- Siyasi müzakirə
- 18:42
- 1 605
“ABŞ-nin strateji hədəfi dəyişməzdir – məqsəd İranda hakimiyyəti dəyişməkdir” - - Azad Məsiyev
"ABŞ başda olmaqla İran əleyhinə bir koalisiya yaradılıb. Bu koalisiya İrana iqtisadi və siyasi təzyiqlər göstərir, müxtəlif sanksiyalar tətbiq edir. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir hakimiyyət qurmaqdır. Bu müddət ərzində müxtəlif bəhanələrlə İran üzərinə təzyiqlər göstərilir: uranın zənginləşdirilməsi, Çinə neft satışı və dinc əhaliyə qarşı hərəkətlər buna misaldır. İran dövlətinin mövqeyi isə aydındır: ABŞ-nin təzyiqlərinə dövlət səviyyəsində cavab verilir və İran öz duruşunu qoruyur. İllərdir tətbiq olunan sanksiyalar iqtisadi çətinliklər yaratsa da, sosial partlayış baş verməyib və İran dövləti öz dövlətçiliyini qoruyub saxlayır. Uranın zənginləşdirilməsi ilə bağlı İranın rəhbərləri və rəsmi şəxsləri dəfələrlə açıqlamalar veriblər ki, bu proses yalnız dinc məqsədlər üçündir və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə açıqdırlar. Buna baxmayaraq, ABŞ müxtəlif bəhanələrlə İranın fəaliyyətinə təzyiqləri davam etdirir. Əslində, uran zənginləşdirilməsi yalnız bir bəhanədir; ABŞ-nin əsas məqsədi İranda hakimiyyəti dəyişməkdir. Son aparılan danışıqlar da bunu göstərir: ABŞ-nin strateji hədəfi qətidir və onlar İranda rejimi dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaq istəyirlər. Lakin prosesin gedişi göstərir ki, ABŞ hərbi əməliyyatlara ehtiyatla yanaşır. Hərbi əməliyyatların başlanması uğursuz olarsa, ABŞ üçün ciddi imic itkisi yaranacaq, çünki İranın öz müttəfiqləri var: Çin və Rusiya Körfəzdə hərbi təlimlər keçiriblər. Bu, ABŞ-a açıq bir mesajdır: hərbi fiasko ABŞ-nin nüfuzuna zərbə vura bilər. Buna görə də ABŞ ikili siyasət aparır. Bir tərəfdən dialoqu önə çəkir, digər tərəfdən hərbi güc tətbiq etməyi gözləyir. Son aparılan danışıqlarda İran dövlətinə müəyyən vədlər verilə bilər. Bu vədlərə sanksiyaların yumşaldılması, uzaq mənzilli raketlərin istehsalının dayandırılması və uranın zənginləşdirilməsinin məhdudlaşdırılması daxildir. Lakin bu güzəştlər yalnız görüntü xarakterlidir və əsas məqsəd dəyişmir. ABŞ, İran bütün şərtləri qəbul etsə belə, İranda hakimiyyəti dəyişmək strategiyasından geri çəkilməyəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Cenevrədə keçirilən dolayı danışıqlar çərçivəsində İran və ABŞ arasında təmaslar davam etdirilir. Görüşlərin əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması təşkil edir. Tərəflər gərginliyi azaltmaq və diplomatik həll yolları tapmaq üçün praktiki təkliflər müzakirə ediblər. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, danışıqlarda artıq “müsbət siqnallar” görünür.
Siyasi şərhçi vurğulayıb ki, ABŞ-ın strategiyası hakimiyyətin partiyasından asılı olmayaraq sabitdir, istər respublikaçılar, istər demokratlar olsun, əsas məqsəd dəyişməz qalır.
"Taktiki gedişlər dəyişə bilər, amma strateji hədəf toxunulmazdır: İranda hakimiyyəti dəyişmək. Bu məqsədi həyata keçirmək üçün ABŞ müxtəlif taktiki gedişlər və planlı addımlar tətbiq edə bilər, ancaq strategiyanın qorunması əsasdır. İrana qarşı təzyiqlərin üç əsas istiqaməti var: uranın zənginləşdirilməsi, uzaq mənzilli raketlərin istehsalının dayandırılması və Çinə neft satışının məhdudlaşdırılması. İran bunları qəbul edə bilməz. Uran yalnız dinc məqsədlər üçün istifadə olunur, uzaq mənzilli raketlər isə müdafiə məqsədilə istehsal edilir və neft satışı İranın suveren hüququdur. İranın müdafiə imkanlarını əldə etməsi onun hüququdur, çünki regionda İsrailin düşmənçiliyi var və ABŞ-nin dəstəyi ilə müəyyən hərbi zəminlər yaradılır. Dialoq vasitəsilə ABŞ həm vaxt qazanır, həm də İranın beynəlxalq imicinə təsir göstərir. ABŞ-nin əsas hədəfi dialoqdan qalib çıxmaq deyil. Əsas hədəf İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir idarəetmə qurmaqdır. Dialoq taktiki xarakter daşıyır, İranın beynəlxalq imicini sınamaq və hərbi əməliyyatlar üçün zəmin hazırlamaq üçün istifadə olunur. Beləliklə, ABŞ müxtəlif dövrlərdə fərqli bəhanələr gətirir və dialoq vasitəsilə nəbz yoxlayır, taktiki addımlar atır. Lakin ali məqsəd dəyişməz olaraq qalır: İranda hakimiyyəti dəyişmək və dünya səhnəsində ABŞ-nin nüfuzunu qoruyaraq qlobal hegemonluğunu gücləndirmək".
Rəfiqə Namazəliyeva,
AzNews.az