“İran-ABŞ münasibətlərində müəyyən ‘pəncərə’ açıla bilər” – Ülviyyə Zülfiqar

"Abbas Əraqçinin İslamabada səfəri ətrafında formalaşan dinamika göstərir ki, İran-ABŞ münasibətlərində müəyyən “pəncərə” açıla bilər. Xüsusilə İslamabad kimi neytral platformanın seçilməsi tərəflərin birbaşa deyil, daha çox dolayı dialoqa üstünlük verdiyini göstərir. Bu cür ilkin təmaslar adətən etimadın bərpası və risklərin azaldılması məqsədi daşıyır. Ona görə də bu mərhələdə “yeni mərhələ başlayır” demək bir qədər tez olsa da, prosesin real danışıqlara yaxınlaşdığını söyləmək mümkündür. Əgər danışıqlar baş tutarsa, İranın əsas öhdəlikləri böyük ehtimalla nüvə proqramı ilə bağlı məhdudiyyətlərin müəyyən səviyyədə bərpası, regiondakı gərginliyi azaldacaq addımların atılması və bəlkə də bəzi hərbi-siyasi fəaliyyətlərin yumşaldılması istiqamətində olacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, İranın xarici siyasət gündəmində önə çıxan hadisələrdən biri də xarici işlər naziri Abbas Əraqçinin İslamabada gözlənilən səfəridir. O, yaxın saatlarda məhdud tərkibli nümayəndə heyəti ilə Pakistan paytaxtına yollanacaq. Bu səfəri xüsusi edən əsas məqam isə ABŞ ilə mümkün təmasların müzakirə olunması ehtimalıdır. Mənbələrin bildirdiyinə görə, Pakistan tərəfi artıq bu istiqamətdə müəyyən hazırlıqlara start verib. ABŞ-dən gələn texniki və təhlükəsizlik üzrə mütəxəssislər İslamabadda yerləşdirilərək təşkilati məsələlərin həllinə cəlb olunublar. Bu cür addımlar göstərir ki, proses sadəcə ilkin niyyətlər çərçivəsində qalmır, daha konkret və praktik mərhələyə keçid siqnalları verir.

Siyasi şərhçi qeyd edib ki, İran qarşılığında əsasən sanksiyaların mərhələli şəkildə yüngülləşdirilməsini gözləyəcək.

"ABŞ tərəfi isə bu görüşdən ilk növbədə regionda gərginliyi nəzarətdə saxlamaq, xüsusilə enerji və nəqliyyat xətlərinin təhlükəsizliyini təmin etmək, həmçinin İranın nüvə fəaliyyətini daha şəffaf və idarəolunan çərçivəyə salmaq kimi nəticələr gözləyir. ABŞ üçün bu, eyni zamanda daha geniş Yaxın Şərq siyasətində risklərin azalması deməkdir. Tərəflərin gözləntiləri fərqli olsa da, ortaq maraq nöqtəsi gərginliyin idarə olunmasıdır və bu da danışıqlar üçün müəyyən zəmin yaradır".

Rəfiqə Namazəliyeva,

AzNews.az