Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq - Zahid Oruc

Yaxın illərdə, bəlkə də daha tez, Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Deputat deyib ki, 6 illik fasilədən sonra, Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır: “2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi. Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir. Unutmamalıyıq ki, qərar Rusiya–Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur. Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm həlqəsidir.Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Alican–Marqara sərhəd məntəqəsindən keçərək İrəvana getdi, Cevdet Yılmaz Paşinyanla Ani körpüsünün birgə bərpasına dair razılaşma sənədi imzaladı. Lakin qardaş ölkənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalanandan sonra qərar verəcəyinə heç bir şübhə ola bilməz. Bəzi dairələr Dilicanı gündəmə gətirir, İğdır və Qars regionlarının biznes çevrələrinin maraqlarını qabardırlar. Lakin iki dövlətin siyasi mövqeyini lokal maraq qrupları deyil, sayı 100 milyona yaxınlaşan xalqlarımızın birgə iradəsi və Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi müəyyən edir. Yaxın illərdə, bəlkə də daha tez, Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq. Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asılılıq coğrafiyasını dəyişdirəcək, sülhdən fayda götürən qüvvələrin sayını artıracaq. Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığa və kommunikasiya bütövlüyünə yaxın olmayıb. Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmək imkanı qazanır. İnanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillərin, insanların, ticarətin və qarşılıqlı etimadın sərhədlərdən sərbəst keçəcəyi günü yaxınlaşdırır. Qələbənin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülhdür”.