- Siyasi müzakirə
- 21:26
- 988
İrana qarşı yeni hücum planı gündəmdədir? ABŞ-nin regiondakı məqsədi nədir?
“Vaşinqtonun yeni hərbi əməliyyatlara hazırlaşması birmənalı qiymətləndirilə bilməz. Yeni hərbi zərbələrə hazırlıq həm İrana müəyyən güzəştlərə getməsi üçün təzyiq göstərmək məqsədi daşıyır, həm də ABŞ-nin gələcəkdə İrana yenidən hərbi zərbələr endirməsi ehtimalını gündəmdə saxlayır. Bütün hallarda artıq aydındır ki, ABŞ regionu tərk etmək niyyətində deyil. İranla müharibənin nəticəsindən asılı olmayaraq, Vaşinqton bu bölgədəki mövqelərini daha da möhkəmləndirməyə çalışacaq. İranla müharibə ABŞ-a regiondakı hərbi və siyasi mövqelərinin güclü və zəif tərəflərini görmək imkanı verdi. Əgər Vaşinqton uzunmüddətli siyasət yürütmək və regiondakı geosiyasi mövcudluğunu qorumaq niyyətindədirsə, müəyyən etdiyi zəif nöqtələri gücləndirməyə çalışacaq. Bu baxımdan, müharibənin nəticəsindən asılı olmayaraq, ABŞ-nin bölgədəki mövqelərini möhkəmləndirmək siyasətini davam etdirəcəyi gözlənilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev səsləndirib.

Qeyd edək ki, ABŞ-nin İrana qarşı növbəti addımlarının necə olacağı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Tərəflər arasında gərginliyin artması hərbi əməliyyatların yenidən başlanması ehtimalını gündəmə gətirməklə yanaşı, Vaşinqtonun Yaxın Şərqdəki uzunmüddətli strategiyası barədə də suallar yaradır. Donald Tramp administrasiyasının Tehrana qarşı sərt mövqeyi diplomatik həll imkanlarının nə dərəcədə real olduğunu müəyyənləşdirməyi çətinləşdirir. ABŞ-nin hərbi güc nümayişi ilə İranı güzəştlərə sövq etməyə çalışdığı, yoxsa yeni qarşıdurmaya zəmin hazırladığı məsələsi xüsusi diqqət çəkir. Eyni zamanda, mümkün müharibənin regiondakı qüvvələr nisbətinə, təhlükəsizlik vəziyyətinə və enerji təchizatına təsirləri də mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçi bildirib ki, ABŞ-nin hazırkı hərbi hazırlıqları İranla müharibədən sonra regiondakı mövqelərini daha da möhkəmləndirmək məqsədi daşıyır.
"Hərbi hazırlıqlar, eyni zamanda, İranı təzyiq altında saxlamaq və danışıqlar prosesində müəyyən güzəştlərə məcbur etmək məqsədi daşıyır. Beləliklə, Vaşinqtonun hərbi hazırlıqları həm İrana qarşı təzyiq vasitəsi, həm də regionda mövqelərini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Strateji baxımdan yanaşdıqda, ABŞ-nin İranla müharibədən sonra bölgədə daha da möhkəmlənmək niyyətində olduğu görünür. Vaşinqtonun sərt ritorikasının və hərbi zərbələrə hazırlığının arxasında bu məqsədlərin dayandığını güman etmək olar. Bununla belə, mövcud hərbi hazırlıqlar gələcəkdə İrana zərbələr endirilməsi ehtimalını da istisna etmir. Bu hazırlıqlar müəyyən mərhələdə İrana qarşı yeni hərbi əməliyyatlarla nəticələnə bilər. Lakin yaxın dövrdə, ən azı qarşıdakı iki-üç həftə ərzində ABŞ-nin İrana yeni zərbələr endirəcəyi gözlənilmir. Seçkilərə qədər Vaşinqtonun bu proseslərə fasilə verəcəyi ehtimal olunur. Seçkilərdən sonra isə ABŞ-nin İrana münasibətdə strategiya və taktikasının dəyişib-dəyişməyəcəyi aydınlaşacaq. Seçkilərin nəticələri Donald Tramp administrasiyasının İran siyasətinin əsas istiqamətlərinə təsir göstərə bilər. Vaşinqton bundan sonra Tehranla münasibətlərdə hərbi təzyiqə, yoxsa diplomatik və siyasi vasitələrə daha çox üstünlük verəcəyini müəyyənləşdirəcək. Hər bir halda, ABŞ-nin hərbi hazırlıqları regiondakı mövcud reallıqlardan biridir. İranı daim təhdid altında saxlamaq Vaşinqtonun taktikasının bir hissəsidir. ABŞ müttəfiqləri ilə birlikdə, İranla müharibədən sonra da regiondakı mövqelərini daha da gücləndirməyə çalışacaq. Əsas məqam isə ondan ibarətdir ki, seçkilərə qədər ABŞ-ninİrana zərbə endirməyəcəyi ehtimal edilir. Seçkilərdən sonra isə nəticələrdən asılı olaraq, Vaşinqtonun İran siyasətində müəyyən dəyişikliklərin şahidi ola bilərik".
Rəfiqə Namazəliyeva,
AzNews.az