"Axar.az": Rektora kəskin etiraz: Siyası biabırçılıqdır, üzr istəsin!

Yevgeni Primakov 20 Yanvar qətliamının əsas müəlliflərindən biridir

Yevgeni Primakov adına keçirilən müsabiqədə bizim universitet tələbələrinin iştirak etməsi sadəcə siyasi biabırçılıqdır.

Bu sözləri millət vəkili Fazil Mustafa deyib. O, Bakı Slavyan Universitetinin belə bir səhvə yol verməsini kəskin qınayıb:

“Bu baxımdan biabırçılıqdır ki, univeritet səviyyəsində anlamırlar ki, hansı məsələ ilə bağlı tədbir keçirmək və yaxud ona qoşulmaq olar. Rusiya səfirliyi bu müqabiqədə iştirak üçün müraciət edibsə, onların da öz strategiyası ola bilər. Azərbaycanlılar anlamalıdırılar ki, onun qeyd ediləcək əlahiddə xüsusiyyəti yoxdur. Primakov Tiflisdə anadan olub. Bu gün Tiflisdə belə bir şey keçirə bilərlərmi? Tiflisdə hansısa tələbə belə bir müsabiqəyə qoşularmı? Ona görə də hesab edirəm ki, bizimkilərin belə bir müsabiqəyə qoşulması siyasi səbatsızlıqdır.

Belə məsələlərdə kimdənsə təlimat almağa ehtiyac yoxdur. Elementar düşüncəsi, dünyagörüşü olan insan heç vaxt belə bir məsələyə müsbət yanaşmır, ən azından bundan yayınır. Belə bir şeyə yol verilməsini ciddi səhv hesab edirəm”.

F.Mustafa universitetin sözügedən addıma tələbələrin “əcnəbi olması” ilə haqq qazandırmasını da tənqid edib:

“Əvvəla, onlar əcnəbi deyil, azərbaycanlı tələbələrdir. Digər tərəfdən, lap əcnəbi olsun. Ölkəmizə əcnəbi gələndə gedib Şəhidlər Xiyabanında rəqs etmir ki! Əcnəbi də başa düşür ki, bu xalqın dəyəridir, acısıdır. Bəyəm universitet bunu başa sala bilməyib?”

Millət vəkili bildirib ki, Primakovla bağlı yazı müsabiqəsində iştirak etmək 20 Yanvarın matəm kimi yox, xoş hadisə kimi qeyd edilməsi anlamına gəlir:

“Ona görə də bu məsələlərdə bəhanəyə yer yoxdur. Bu cür səhvə yol verildiyi üçün cəmiyyətdən üzr istənilməlidir”.

Xalq şairi Sabir Rüstəmxanlı isə bildirib ki, müsabiqə məsələsi o zaman cəmiyyətdə qəbul oluna bilər ki, esselərdə Primakovun Azərbaycana qarşı fəaliyyətləri, əsl mahiyyəti barədə məlumat verilsin:

“Primakovla bağlı müsabiqənin Bakıda keçirilməsi nə vacibdir? SSRİ tarixində yüzlərlə şəxsiyyət var ki, Azərbaycan üçün nə qədər iş görüblər. Və ya Fərman Salmanov, Kərim Kərimov, Lütfi Zadə ilə bağlı və ya rus mühitində bizi sevən şəxslərlə bağlı müsabiqə keçirilə bilməzdimi? Primakovun əkdiyi şər toxumları Bakıda bar verir, hələ təmizlənməyib.

Hesab edirəm ki, bu, tamamilə yanlış bir mövqedir və etirazlar tamamilə yerindədir”.

Millət vəkili Aqil Abbas isə Primakovla bağlı müsabiqəyə təqdim olunmuş esselərin mətbuatda yayımlanmasını təklif edib:

“Bu gənclərin Primkovun cinayətlərindən xəbərləri yoxdur. Bəlkə onların içindən bir oğul çıxaraq Primakovun mahiyyətini açıb ortalığa qoyacaq, onun Azərbaycan xalqına etdiklərini yazacaq. Qoyun, esseni yaysınlar, görək, bu gənclik sabaha necə gedir? Görək həqiqətləri bilərəkmi gedir, yoxsa bilməyərəkdən gedir.

Çox istərdim ki, o esselər mətbuatda yayımlansın, hər kəs orada yazılanlardan xəbər tutsun”.

A.Abbas məsələyə kinayə ilə yanaşaraq, mükafatlandırma mərasimində iştirak edən şəxslərin Təhsil Nazirliyinin “xüsusi təşəkkür” elan etməli olduğunu deyib:

“Azərbaycan xalqı, Təhsil Nazirliyi də həmin tələbələri bu müsabiqəyə yönləndirənləri mükafatlandırsın”.

Qeyd edək ki, Bakı Slavyan Universiteti Rusiya səfirliyinin ölkəsinin siyasi xadimi sayılan Yevgeni Primakovla bağlı elan etdiyi esse müsabiqəsində iştirak edib və BSU tələbələrinin bu müsabiqədə birinci yeri tutmasını “xoş xəbər” kimi tirajlayıb.

Müsabiqədə iştirak edən tələbələr isə Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovadır. BSU rəsmi açıqlamasında müsabiqədə iştirak edənlərin “əcnəbi tələbələr” olduğunu bildirsə də, Rusiya səfirliyindəki mükafatlandırma mərasimində BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyevin iştirak səbəbinə aydınlıq gətirməyib.

Xatırladaq ki, Yevgeni Primakov 20 Yanvar qətliamının əsas müəlliflərindən biridir. (Axar.az)

AzNews.az