Səfir İrana hücumdan danışdı

"Hər hansı ölkə İrana hücum etsə, İran xalqının gücü ilə üz-üzə gələcək və çox ağır məğlubiyyətə düçar olacaq. Heç bir şübhə yoxdur ki, İrana hücum olacağı halda buradakı 20 milyondan çox azərbaycanlı digər xalqlarla yanaşı, İranın düşmənlərinin qarşısında dayanacaqlar və öz vətənlərinin istiqlaliyyətini müdafiə edəcəklər".

Bunu SalamNews-a İranın Azərbaycandakı səfiri Mohsin Pakayin deyib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi və bundan sonra İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlətin yarana biləcəyi, onun Azərbaycan Respublikası ilə birləşə və daha böyük müttəfiqi olan Türkiyə ilə birlikdə yeni regional gücün meydana çıxa biləcəyi barədə ehtimallara dair Qərb KİV-lərində yer alan fikirlərə münasibət bildirən səfir deyiib ki, Qərb mediası İranı yaxşı tanımır, ona görə də əksər hallarda illüziyaya qapılır. İrana hücum barədə olan xəbərlər daha çox psixoloji müharibədir.

Lakin onun İran xalqına təsiri yoxdur. Şimali və Cənubi Azərbaycan mövzuları da Qərb KİV-lərinin illüziyasıdır. M.Pakayin vurğulayıb ki, İslam inqilabının ilk günlərində Qərbin siyasətindən biri də İranın parçalanması üçün müəyyən qruplar yaratmaq olub. Amma bu plan elə o zaman uğursuzluğa düçar olub. Hazırda İran milləti bütövdür və separatist fikirlər mövcud deyil.

Diplomat bildirib ki, İran və Azərbaycan iki dost, qardaş ölkələrdir və Tehranla Bakı arasında həmişə normal münasibəti olub və bundan sonra da olacaq. Bu iki ölkə arasında münasibətləri korlamaq istəyənlər isə arzularına çatmayacaqlar: "Mehriban qonşuluq siyasəti və azərbaycanlı qardaşlarımızla bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi bizim prinsipial siyasətimizdir. İki ölkənin rəhbərləri arasında dostluq münasibəti mövcuddur. Əlbəttə, bəzi qüvvələr İran və Azərbaycan arasında olan dostluq münasibətlərinə qısqanclıqla yanaşır, bu münasibətlərin korlanmasına çalışırlar. Amma İran və Azərbaycan rəhbərlərinin sayıq olması onların addımlarını nəticəsiz qoyub və qoyacaq".

AzNews.az