Rusiya Ermənistana səfir postuna casus göndərdi

Düşmən ölkəyə yeni təyin edilmiş səfir əvvəllər casusluqda ittiham edilib



Rusiyanın Ermənistana təyin etdiyi yeni səfiri ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, yeni səfir İvan Volınkin 2007-ci ildə casusluq fəaliyyətinə görə, Gürcüstandan qovulub. Qeyd edək ki, yeni səfir postuna martın 22-də təyin edilib və o, bu vəzifədə Vyaçeslav Kavalenkonu əvəz edəcək.

Yeni səfir Gürcüstanın "arzuolunmaz şəxs" elan etdiyi üçlüyə daxildir. Belə ki, 2007-ci ildə Gürcüstan Rusiyanın bu ölkədəki səfirliyinin müşaviri İvan Volınkini, müşavir Petr Solomatini və üçüncü katib Aleksandr Kurenkovu ölkədən qovub. O zaman Gürcüstanda Rusiyanın səfiri Vyaçeslav Kovalenko olub. 2007-ci ilin noyabrında Gürcüstan televiziyası Volinkinin Tbilisidə birləşmiş müxalifətin lideri Konstantin Qamsaxurdiya ilə görüşünə dair məlumat yaymışdı.

Bu hadisədən sonra Volinkin də daxil olmaqla 3 nəfər Gürcüstandan qovulub. Diplomatik missiyaya rəhbərlik edən Kovalenko isə daha sonra Ermənistana səfir göndərilib. İndi isə onu bu vəzifədə vaxtilə casusluqda ittiham edilərək Gürcüstandan qovulan şəxs əvəz edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az